Suraxanı rayonunun Hövsan qəsəbəsindən “Zeytun sovxozu” adlanan yaşayış sahəsindən keçməklə Zığ-Qala yeni yol infrastrukturu layihəsinin icrasına başlanılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən FED.az-a bildirilib ki, layihəyə uyğun olaraq yeni avtomobil yolunun uzunluğu 2,2 kilometrdir. Buna paralel olaraq bu yoldan ayrılan və yaşayış sahəsinin mərkəzinə, həmçinin orta məktəbə kimi gedən və uzunluğu 4,4 kilometrlik 3 küçədə də tikinti işləri görülür.
Yeni yol və küçələrin 2 hərəkət zolaqlı olmaqla eni 8 metr təşkil edəcək. Ərazidə yeni yol infrastrukturu yaradıldığı üçün burada işlər “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılır. Hazırda yeni yol əsası inşa edilib və 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb.
Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün lazımi yol nişanları və məlumatverici lövhə quraşdırılacaq, yol-cizgi və yolgöstərici, həmçinin piyada zolaqları çəkilməklə tikinti işlərinin aparıldığı ərazi boyu yeni yol infrastrukturu yaradılacaq.