“Moskva Çay Gəmiçiliyi” ASC-nin Baş direktoru Konstantin Anisimovun rəhbərlik etdiyi nümayəndə heyəti “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də olub.
QSC-dən FED.az-a verilən məlumata görə, görüş zamanı tərəflər Xəzər dənizində PV300VD layihəli “Pyotr Velikiy” adlı sərnişin gəmisini istismar etməklə dəniz turlarının təşkili haqqında memorandum imzalayıblar.
Rusiyalı qonaqlar bildiriblər ki, dəniz səyahətlərinin təşkili Azərbaycana gələn turistlərin sayının daha da artmasına və ölkədə turizmin inkişafına müsbət təsir göstərəcək.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev isə deyib ki, bu layihənin baş tutması Rusiya və Azərbaycan arasında turist səfərləri artıracaq.
Müzakirələrdə deyilib ki, bu layihə ilə təkcə Xəzəryanı ölkələrdən deyil, ABŞ, Avstraliya, Avropa və Çindən olan turistləri də cəlb etmək mümkün olacaq.
Danışıqların yekununda K.Anisimov və R.Vəliyev əməkdaşlığa dair birgə memorandum imzalayıblar. Memoranduma əsasən, 2019-cu ilin sonuna kimi hazırda tikilməkdə olan “Pyotr Velikiy” gəmisi ilə Bakıya turistlərin səfəri təşkil ediləcək.
310 sərnişin tutumuna və yüksək rahatlığa malik olan kruiz gəmisi ilə sərnişinlər Qara dənizə, Rusiyanın liman şəhərlərinə, Xəzəryanı ölkələrə səyahət edə biləcəklər. Burada fitnes zalı, çimərlik hovuzu, restoranlar, kinoteatr zalları və digər istirahət otaqları olacaq.
Gəminin texniki göstəriciləri ona Xəzərdə mövcud limanlara yan almağa imkan verəcək. Uzunluğu 141, eni 16.82 metr olan gəmidə turistlərə 90 nəfərlik heyət xidmət göstərəcək.
Səfərlər üçün ilkin olaraq Həştərxan-Bakı marşrutu araşdırılacaq. 2020-ci ilədək isə turların əhatə dairəsi genişləndiriləcək. Bu məqsədlə tərəflər Qara dəniz limanları, Rusiyanın daxili suları, Həştərxan və Xəzər dənizindəki digər limanların, Moskva-Bakı, Həştərxan Maxaçqala-Bakı, Bakı-Ənzəli-Nouşehr-Türkmənbaşı-Aktau-Həştərxan, Rusiya-Həştərxan-Bakı arasında dairəvi reyslərin təşkili ilə bağlı araşdırma aparacaqlar.
Bakıdan Rusiyaya dəniz turları başlayır – KRUİZ GƏMİSİNDƏ
13:57
28 Dek 2017