İyunun 15-dən etibarən Bakı–Ağstafa–Bakı istiqamətində hərəkət edən sürətli qatarlarının yolu Qazax stansiyasına qədər uzadılacaq.
FED.az xəbər verir ki, bu istiqamətdə bilet satışına iyunun 5-dən başlayır. Bakı–Qazax–Bakı marşrutu üzrə ilk dəfə “Stadler Rail Group” şirkətinin istehsalı olan birmərtəbəli müasir qatarlar hərəkət edəcək. Rəsmi açıqlamaya görə, Bakıdan Qazaxa gediş müddəti 5 saat 36 dəqiqə olacaq.
Hərəkət cədvəlinə gəlincə, sürətli sərnişin qatarları hər gün saat 08:00 və 18:00-da Bakıdan Qazaxa yola düşərək müvafiq olaraq saat 13:36 və 23:36-da mənzil başına çatacaq. Qazax–Bakı istiqaməti üzrə isə qatarlar hər gün saat 08:00 və 16:20-də yola düşərək Bakı Dəmiryol Vağzalına saat 13:29 və 21:49-da çatacaq.
Marşrut üzrə dinamik qiymət siyasəti tətbiq olunacaq və Bakıdan Qazaxa kimi bir istiqamətə standart sinif yerlərə minimum gediş haqqı 16.20 AZN təşkil edəcək.
Bakı–Qazax–Bakı marşrutunun istismara verilməsi nəticəsində sərnişin daşımalarında nəzərəçarpacaq artım proqnozlaşdırılır. İlkin qiymətləndirmələrə əsasən, bu marşrut üzrə illik əlavə 10 000-ə yaxın sərnişinin daşınacağı gözlənilir.