Bu gün Bakıxanov və Sabunçu qəsəbələri arasında, Asəf Əsədullayev küçəsi ilə Qambay Vəzirov küçəsinin kəsişməsində yerləşən avtomobil tunelinin açılış mərasimi keçirilib.
Eləcə də bax: Bakının məşhur körpülərindən biri - BU GÜN SÖKÜLÜR
FED.az "report"a istinadən xəbər verir ki, açılış mərasimində "Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini Zaman Novruzov və qurumun digər rəsmi şəxsləri iştirak ediblər.
Tədbirdə verilən məlumata görə, tunelin uzunluğu 388 metr, hündürlüyü 5,5 metr, eni isə 13,5 metrdir. Qapalı hissənin uzunluğu 68 metrdir. Burda avtomobillərlə yanaşı, piyadaların hərəkəti üçün səki də salınıb. Bu isə tuneldən piyadaların da keçid kimi istifadə edə bilməsinə imkan verəcək.
Bundan əlavə, yağış və qrunt sularının kənarlaşdırılması məqsədilə nasosxana tikilib. Bunun üçün 3 nasos, bundan əlavə də 100 kilovatlıq transformator və generator quraşdırılıb.
Qeyd edək ki, Sabunçu qəsəbəsində tikinti işlərinə ötən ilin avqustun 23-dən başlanılıb.
Tikintisi tamamlanan digər tunel isə Keşlə dəmir yolu stansiyasının yaxınılığında, M.Ə.Sabir küçəsində inşa edilib. Tunelin uzunluğu 208 metr, eni 14 metr, hündürlüyü isə 5,25 metrdir. Qapalı hissənin uzunluğu 48 metrdir. Bu ərazidə əvvəllər avtomobil yolu ilə dəmir yolu kəsişirdi. Bu da həm avtomobillərin, həm də qatarların hərəkəti üçün təhlükəli vəziyyət yaradırdı. Qatarların keçidi zamanı, xüsusilə də pik saatlarda avtomobillər gözləməli olurdu ki, bu da əlavə vaxt itkisi deməkdir. Bu tunel belə halları aradan qaldıracaq, hərəkətin təhlükəsizliyini təmin edəcək. Tuneldə piyadaların təhlükəsiz hərəkətinə şərait yaradılıb.
Qeyd edək ki, Keşlədə tunelin tikintisinə ötən ilin mayından başlanılıb.