Bu gün Bakıda “Azərbaycan Hava Yolları” QSC-nin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin (AZANS) təşkilatçılığı ilə CANSO-nun Ümumdünya Aeronaviqasiya Sammiti işə başlayıb. Həmçinin bu həftənin sonunda təşkilatın 28-ci İllik Ümumi İclası (AGM) keçiriləcək.
FED.az bu barədə AZAL-a istinadən xəbər verir.
İyunun 11-dən 13-nə kimi davam edəcək tədbirdə hava hərəkətinin təşkili sahəsində dünya liderləri və CANSO-nun (Beynəlxalq Mülki Aeronaviqasiya Xidmətləri Təşkilatı) üzvləri təşkilatın gələcəyi üçün əsas məsələlərin müzakirəsində və vacib qərarların qəbul edilməsində iştirak edəcəklər. Builki tədbirin mövzusu ekoloji dayanıqlılıq, xüsusilə iqlim dəyişikliyi ilə mübarizədir. İştirakçılar karbon emissiyalarının azaldılması, qabaqcıl texnologiyaların tətbiqi, ekoloji cəhətdən daha təmiz uçuşlara nail olmaq üçün hava hərəkətinin idarə edilməsi prosesinin təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparacaqlar.
Sammitin açılış mərasimində CANSO-nun baş direktoru Saymon Hokkard, Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev, həmçinin videomüraciət formatında Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) prezidenti Salvatore Şakkitano çıxış ediblər.
“Azərbaycanda bir araya gəlməyimiz bizə iqlim dəyişikliyinin təsirlərini azaltmaq üçün qlobal əməkdaşlığın və birgə fəaliyyətin vacibliyini xatırladır. Azərbaycan ətraf mühitin mühafizəsi sahəsində mühüm addımlar atıb. Bu mühüm müzakirəni burada, Bakıda apararaq biz gələcək nəsillər üçün planetimizin ekosisteminin qorunması məqsədilə bütün sənaye və ölkələrin birgə səylərinin zəruriliyini dərk edirik”, — deyə CANSO-nun baş direktoru Saymon Hokkard açılış mərasimində bildirib.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev qeyd edib: “Ümumdünya Aeronaviqasiya Sammiti 2024" və CANSO-nun 28-ci İllik Ümumi İclasına ev sahibliyi etmək Azərbaycanın aviasiya sektorunda artan təsirini və liderliyini vurğulayır. Eyni zamanda bizim innovasiyalara, mükəmməlliyə və beynəlxalq aviasiya təşkilatlarında fəal iştiraka sadiqliyimizi əks etdirir. CANSO rəhbərliyinə bizə etimad göstərdiyinə görə minnətdarlığımızı bildirmək istəyirəm”.
“Gəlin bu tədbirdən fikir mübadiləsi aparmaq, ən yaxşı təcrübələri bölüşmək və yeni əməkdaşlıqlar qurmaq üçün platforma kimi istifadə edək. Bir araya gələrək bu sahə qlobal qaz emissiyaları məsələsini həll edə və ümumi iqlim hədəflərimizə əhəmiyyətli dərəcədə töhfə verə bilər”, — deyə ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev bildirib.
AZANS haqqında
“Azərbaycan Hava Yolları” QSC-nin tərkibinə daxil olan “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) Azərbaycanın hava məkanında uçuşların təhlükəsizliyinə və xidmətinə cavabdeh olan qurumdur. AZANS bütün beynəlxalq aviasiya təşkilatlarının tələblərinə yüksək səviyyədə cavab verir. Hazırda AZANS Azərbaycanın hava məkanında hər ay orta hesabla 18 min tranzit uçuşa xidmət göstərir ki, bu da ölkəmizin hava məkanını xarici aviaşirkətlər üçün daha da cəlbedici edir.
CANSO haqqında
CANSO — Beynəlxalq Mülki Aeronaviqasiya Xidmətləri Təşkilatı — hava məkanının idarə edilməsində qlobal səsdir və onun gələcəyini formalaşdırır. CANSO-nun üzvləri dünya hava trafikinin təxminən 90 faizini əhatə edir və aeronaviqasiya xidməti təminatçıları, hava məkanı istifadəçiləri və operatorları, aviasiya texnikası istehsalçıları və təchizatçılarını özündə birləşdirir. CANSO dünya miqyasında hava hərəkətinin idarəolunma səviyyəsini yüksəltmək üçün sənayenin nümayəndələrini bilik, təcrübə və innovasiya mübadiləsi məqsədilə bir araya gətirir.