Azərbaycana idxal edilən avtomobillərin sayında ötən illərlə müqayisədə artım müşahidə olunsa da, ümumilikdə alıcıların tələbatı daha çox köhnə avtomobillərədir. Bu barədə fikir bildirən ekspertlər hesab edirlər ki, buna səbəb idxal olunan yeni avtomobillərin qiymətlərinin baha olmasıdır.
köhnə avtomobillərə tələbatın artması isə avtomatik olaraq avtomobil ehtiyat hissələri bazarlarında da aktivliyə səbəb olub. Öncə məlumat üçün qeyd edək ki, bu ilin yanvar-iyul ayında Azərbaycana idxal edilən avtomobillərin sayı 11 min 700 ədəd olub. Dövlət Gömrük Komitəsindən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 69 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 10 min 402 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 1157 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 72 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir. 2017-ci ildə isə Azərbaycana, ümumilikdə 13 min 98 ədəd avtomobil idxal olunub. 2016-cı ildə bu rəqəm 5746 olub ki, bu da ötən illə müqayisədə 2 dəfədən az göstəricidir. Musavat.com-un reportyor qrupu avtomobillərin ehtiyat hissələri bazarında (maşın bazarı kimi tanınan ərazi) olduğumuz zaman öyrəndik ki, son zamanlar alıcılar daha çox “Niva” (VAZ 2121) və Mercedes C200 (Çeşka) modellərinin ehtiyat hissələrini axtarırlar. Bazarda da məhz bu avtomobillərin ehtiyat hissələrində qiymət artımı var. Satıcılar bildirdilər ki, vaxtilə ehtiyat hissələrinin satıldığı bazarda 3-4 ədəd “Niva” mağaza olub. Hazırda isə onların da sayında artım var. Məlumat üçün onu da qeyd edək ki, 2018-ci il buraxılışı olan “Niva”ların (urban) qiyməti 15-18 min manat arasında dəyişir. Bu avtomobillərin xarici görünüşündə dəyişiklik edilməsi ilə yanaşı, salonda da xeyli yeniliklər var. Məsələn, avtomobilin kondisioneri, 2 elektrik şüşəqaldırıcısı, gidravlika rulu, oturacaq qızdırıcısı mövcuddur. Üstəlik 2 il və 40 min kilometr də zəmanət verilir. Detallara gəlincə isə öyrəndik ki, alıcılar ən çox “Niva” faralarını axtarırlar. Bunların da qiyməti 55 manatadır. Bundan əlavə “Niva”nın arxa “most”u 165 manat, “kapot” 255 manat, “bufer” 100 manat, “baqaj” 220 manata satılır. “Çeşka”lara gəlincə isə yeni modellərin farası 130 manat, köhnə modellərdə isə 100-110 manat, qabaq dönmə işıq siqnalları 10-20 manat, radiator barmaqlıqları 30-100 manat. Bu detalların qiyməti kapron və ya metal maddədən hazırlanmasına görə dəyişir.
Oturacaq üzlükləri 45-220 manata qədər dəyişən qiymətlə satılır. Oturacaq üzlüklərinin qiyməti materialından asılı olaraq dəyişir. İqtisadçılar bildirirlər ki, yaxın zamanlarda avtomobillərin ehtiyat hissələrinin ucuzlaşması gözlənilmir. Çünki gətirilən mallar dollarla alınır və milli valyutanın dollara nisbətdə məznnəsi ucuzlaşmadığı müddətdə, bazarda da qiymətlərin aşağı düşməsi mümkün deyil. “Maşın bazar”ında olduğumuz zaman satıcılar bildirdilər ki, müştəri nə qədər çox olsa da onların qazancları dəyişməz olaraq qalır. Çünki yer pulu bahadır. Onların sözlərinə görə, 15 kvardatmetrlik obyektin aylıq icarəsi 800-1000 manata başa gəlir. Bildirdilər ki, bu pulu ödəməkdə çətinlik çəkirlər. Ona görə də məcbur qalıb detalları ucuz sata bilmirlər. Xatırldaq ki, iki il öncə “Maşın bazarı”nda baş verən yanğın zamanı 30-a yaxın obyekt yanaraq, kül olmuşdu. Öyrəndik ki, həmin yanğından zərər çəkən sahibkarlar heç bir kompensasiya ala bilməyiblər.