Xabər verildiyi kimi, Bakı Nəqliyyat Agentliyi (BNA) 12, 24, 32, 35, 67, 93 və 211 nömrəli müntəzəm marşrut xətləri üzrə müsabiqə elan edib.
Eləcə də bax: “Şəhər nəqliyyatı bərbad vəziyyətdədir” - PREZİDENT AVTOBUSLARDAN DANIŞDI
FED.az-ın məlumatına görə, Bakı Nəqliyyat Agentliyinin açıqladığı şərtlərə əsasən, sözügedən marşrut xətlərində tutumu 75 nəfər olan böyüktutumlu 3 qapılı avtobuslar işləməlidir. Yalnız bir marşrutda – 93 saylıda, hansı ki, «Dərnəgül» metrosundan Sabunçu qəsəbəsinə gedir, 55 nəfərlik avtobuslara icazə veriləcək. Oturacaq yerlərinin sayı 24-26 arasında olmalıdır.
Şərtlərə görə, hər marşrut xəttində 17-20 avtobus işləməlidir. Amma bu rəqəm marşrutlara görə fərqlənir. Məsələn, 93 saylı marşrutda avtobuslar 11 də ola bilər.
Müsabiqə şərtlərində avtobusların intervalı ilə bağlı tələblər də yer alıb. Şərtə görə, ən az interval 12 saylı marşrutda – 5 dəqiqədən bir, ən uzun interval isə 93 saylı marşrutda - 13 dəqiqədən bir olmalıdır.
BNA bildirir ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” qanuna, Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi qaydasına” uyğun keçiriləcək. Bu o deməklir ki, göstərilən tələblərlə bağlı iddiaçılara ballar veriləcək və qalib sonra balların sayı ilə müəyyən olunacaq.
Müsabiqədə iştirak etmək istəyənlər 24 fevral 2020-ci il, saat 17:00-a qədər Agentliyə ərizə ilə mürciət etməlidirlər.