Azərbaycanda yeni yaradılan nəqliyyat habı - Bakı Beynəlxalq Dəniz Ticarət Limanından keçən yüklərin həcmi kəskin artıb. FED.az xəbər verir ki, bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin bu ilin ilk yarım ilinin nəticələrinə əsasən hesabatında bildirilir. İlk 6 ayda Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanında ümumi yük, vaqon, TIR və konteyner aşırmaları, eyni zamanda sərnişin daşınması üzrə müsbət göstəricilər qeydə alınıb.
Eləcə də bax:İranın Dəmir Yolları Şirkətinin rəhbəri - BAKIYA GƏLİB
Yüklərin artımının səbəbləri “Bir Kəmər, Bir Yol” və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə Azərbaycandan keçən yük həcminin çoxalması, eyni zamanda Orta Asiyadan kimyəvi məhsulların (karbamid, polipropilen, polietilen və sair) ixracının və Qara Dəniz və Avropa ölkələrindən Orta Asiya istiqamətinə daşınan sənaye və qida məhsullarının artması olub.
Əsas artım TIR-ların daşınmasında qeydə alınıb. Belə ki, TIR-ların sayı keçən ilin müvafiq dövrünə nisbətən 57,8% artaraq 15 009 ədəd olub. Bunlardan 11 372 ədədi (75,8%) Bakı-Türkmənbaşı-Bakı, 3 637 ədədi isə (24,2%) Bakı-Kurık-Bakı istiqamətində hərəkət edib.
Konteynerlərin aşırılmasında keçən ilin müvafiq dövrü ilə müqayisədə 38% artım olub. Belə ki, bu il yanvar-iyun aylarında limanla 14 886 ədəd konteyner (TEU ekvivalentində) aşırılıb.
Bərə terminalında aşırılan vaqonların sayı 15,4% artaraq 25 344 ədədə çatıb - keçən ilin müvafiq dövründə 21 960 vaqon idi. Bunlardan 11 636 vaqon (45,9%) Bakı-Kurik-Bakı istiqamətində, 13 708 (54,1%) Bakı-Türkmənbaşı-Bakı istiqamətində hərəkət eib.
Sərnişin daşınması 19 984 nəfər olub və ötən illə müqayisədə 0,1 % artım olub.
Ümumi yükaşırmanın həcmi 2018-ci ilin müvafiq dövrünə (1 960,4 min ton) nisbətdə 1.1% artaraq 1 981,3 min ton olub. Yükaşırmanın 85,4%-i (1 692,4 min ton) tranzit yükaşırmanın payına düşüb.