2017-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzrə tranzit yüklərin daşınması ilə yanaşı, sərnişin daşınması da nəzərdə tutulur. Bunun üçün “Stadler Rail Group” şirkətindən sərnişin qatarları alınıb. 10 vaqondan ibarət ilk sərnişin qatarı mart ayında Bakıya gətirilib.
FED.az Azvision.az saytına istinadən xəbər verir ki, qatarda doqquz sərnişin vaqonu və bir restoran var. Vaqonlar “standart”, “komfort”, “biznes” və “restoran” olmaqla dörd kateqoriyada istehsal edilib. Kateqoriyasından asılı olaraq vaqonlar 10, 20 və 32 nəfərlikdir. Ümumilikdə qatarda bir istiqamətə 246 yer nəzərdə tutulub.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov yeni qatarın bir neçə dəfə sərnişin olmadan hərəkət edəcəyini və sınaqdan keçiriləcəyini bildirmişdi. Bundan əlavə, Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzrə sərnişin daşınmasının avqust ayında reallaşacağı deyilirdi. Hətta Türkiyə Dəmir Yolları qatarlarda gediş haqqının məbləği ilə bağlı məlumat yaymışdı. Bildirilirdi ki, qatarın çatma vaxtı 40 saatdan bir qədər çox ola bilər. Vaqonların kateqoriyasından asılı olaraq qiymətlərin 350-800 TL (97-220 AZN) olması planlaşdırılır.
Avqustun bitməsinə sayılı günlər qalsa da, Bakı-Tbilisi-Qars sərnişin qatarı hələ də istifadəyə verilməyib. Məlumata görə, problem qonşu ölkələrlə əlaqədardır.
Cavid Qurbanov bu barədə jurnalistlərə açıqlamasında vurğulayıb ki, Gürcüstan və Türkiyə tərəfi sərnişin qatarının işə düşməsinə hazır olduqdan sonra daşımalara başlanılacaq. Vaxt barədə isə dəqiq məlumat verilmir.
Gürcüstan və Türkiyədən fərqli olaraq, Azərbaycan tərəfi Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşınmasına başlamağa hazırdır. Yeni qatarların nə zaman yola düşəcəyi isə dəqiq bilinmir.