Bakı-Tbilisi-Qars dəmiryolu xətti üzrə sərnişin qatarlarının fəaliyyətə başlama vaxtı bəlli olub.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən verilən məlumata görə, Bakı-Tbilisi-Qars marşrutu ilə sərnişin daşınmasının təşkili 2019-cu ilin 3-cü rübündə planlaşdırılır.
ELƏCƏ DƏ BAX: Taksi xidmətləri bir yerə toplanacaq
Qeyd olunub ki, bu məqsədlə 2019-cu ilin birinci rübündə Azərbaycana İsveçrənin "Stadler" şirkətinin istehsalı olan yeni vaqonların gətirilməsi gündəmdədir. İkinci mərhələdə daha 10 vaqonun gətirilməsi nəzərdə tutulur. Vaqonlar ən son texnologiya əsasında hazırlanır.
Qurumdan bildirilib ki, 2017-ci il oktyabrın 9-da Fransanın Belfort şəhərində “Alstom Transportation S.A.” şirkətinin “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti üçün istehsal etdiyi birinci sərnişin lokomotivinin (Prima M4) təqdimat mərasimi keçirilib. Artıq iki sərnişin lokomotivi ölkəmizə gətirilib.
Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi 2017-ci il oktyabrın 30-da Bakı Beynəlxalq Dəniz Ticarət Limanında keçirilib.