“Günün istənilən vaxtı Bakı-Sumqayıt yolunda tıxac müşahidə olunur. İnsanların böyük əksəriyyəti yollarda qalır. Problemi təhlil etsək görərik ki, məsələ yalnız yol infrastrukturunun mövcud nəqliyyat yükünü götürə bilməməsindən qaynaqlanmır”.
Eləcə də bax: Bakıda tıxacların aradan qaldırılması üçün yeni təkliflər - MİLLƏT VƏKİLİ AÇIQLADI
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Emin Hacıyev deyib.
O qeyd edib ki, bu problemi aradan qaldırmaq üçün bir sıra tədbirlər görmək lazımdır: “Abşeronda sərnişindaşımaya vahid prinsiplə yanaşmaq lazımdır. Sumqayıt-Bakı arasında ictimai nəqliyyatın avtovağzallar arasında işləməsi ləğv olunmalıdır. Vətəndaşların avtovağzala gəlməsi əlavə vaxt və vəsait itkisidir. İctimai nəqliyyatın mövcud vəziyyəti şəxsi nəqliyyat vasitələrindən istifadəni stimullaşdırır. Hesab edirəm ki, Sumqayıtdan Bakının müxtəlif ərazilərinə, məsələn, Bakı Dövlət Universitetinə, Bakı Dəmiryolu Vağzalına və s. ünvanlara avtobuslar təşkil olunsun. Bundan başqa, ictimai nəqliyyatdan istifadəni stimullaşdırmaq üçün güzəştli kartlar tətbiq oluna bilər. Həmçinin Bakı-Sumqayıt qatarlarının vaqonlarının sayının artırılması və intervalların azaldılması həmin yolda olan sıxlığı azaldar. Ölkəmizdə ekspress avtobusların tətbiq olunmasını təklif edirəm”.