“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə sərnişin daşımalarının gecikməsinin səbəbini açıqlayıb.
FED.az xəbər verir ki, o, bu barədə Bakıda keçirilən Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində təşkil olunmuş nəqliyyat və yükdaşımalar sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə dair paneldə danışıb.
“Azərbaycan və Türkiyənin dəmiryolu relsləri fərqli ölçüdədir. BTQ üçün sifariş verdiyimiz vaqonlar bu vəziyyətə uyğun olmalı, sərhədi keçən kimi yeni ölçüyə uyğunlaşmalıdır. Bu baxımdan ləngimə var”, - o qeyd edib.
C.Qubranov xatırladıb ki, Azərbaycan BTQ-də istifadə etmək üçün İsveçrənin “Stadler” şirkətinə 30 ədəd yataq tipli vaqon sifariş verib: “Vaqonların gələn ilin I rübündən başlayaraq, hər dəfə 10 ədəd olmaqla 3 mərhələdə Azərbaycana gətirilməsi nəzərdə tutulub. Onlar ən son texnologiya əsasında hazırlanıb. Qatar Bakıdan Qarsa 10 saata çatacaq. Gediş haqqı 3 ölkə arasında əldə olunmuş razılığa və beynəlxalq tariflərə əsasən müəyyən olunacaq”.