Asiya İnkişaf Bankı (AİB) Bakı Metropolitenində siqnalizasiya sisteminin modernləşdirilməsi və əməliyyatların rəqəmsallaşdırılması üçün 302,38 milyon ABŞ dolları məbləğində kreditin ayrılmasını təsdiq edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu məbləğ Azərbaycanın paytaxtında metro xidmətlərinin daha təhlükəsiz, daha etibarlı və daha səmərəli olmasına, eləcə də genişlənən metro şəbəkəsinin effektiv fəaliyyətinin təmin edilməsinə kömək edəcək.
Ümumiyyətlə Azərbaycan hökuməti Bakı Metropoliteninin genişləndirilməsi proqramına 2,6 milyard dollar xərcləmək niyyətindədir. Bu layihə də həmin proqramın bir hissəsidir.
Asiya İnkişaf Bankından FED,az-a verilən məlumata görə, proqram çərçivəsində 9 stansiya, 2 depo və 20 kilometr uzunluğunda yeni tunellərin tikintisi, əlavə 300 metro vaqonunun alınması, habelə metropolitenin əməliyyat sistemlərinin modernləşdirilməsi nəzərdə tutulur. Layihə vasitəsilə metro xidmətlərinin əhatə dairəsi və daşıma qabiliyyətinin artırılması, eləcə də Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat sıxlığının azaldılması hədəflənib.
“Bu layihə rəqəmsal texnologiyalar vasitəsilə Bakı Metropoliteninin gələcəyin tələblərinə cavab verən şəhər nəqliyyatı sisteminə çevrilməsi istiqamətində mühüm mərhələdir. Qabaqcıl siqnalizasiya texnologiyası və inteqrasiya olunmuş rəqəmsal əməliyyat sistemləri mövcud xidmətləri daha təhlükəsiz və daha etibarlı edəcək, eyni zamanda Bakının sürətlə genişlənən metro şəbəkəsi üçün səmərəli fəaliyyətin əsasını təşkil edəcək”, - AİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sunniya Durrani-Jamal bildirib.
Dövlətə məxsus “Bakı Metropoliteni” QSC (QSC) tərəfindən idarə olunan Bakı Metropoliteni paytaxtda ictimai nəqliyyat sisteminin mühüm hissəsidir. Metropoliten təxminən 41 kilometrlik dəmir yolu xətti boyunca 27 stansiyaya xidmət göstərir və 2025-ci ildə metro vasitəsilə təxminən 220,4 milyon sərnişin daşınıb.
Bakı Metropolitenində siqnalizasiya sisteminin modernləşdirilməsi və əməliyyatların rəqəmsallaşdırılması layihəsi mövcud siqnalizasiya sistemini müasir, rabitə əsaslı qatar idarəetmə texnologiyası ilə əvəz edəcək və əməliyyatların idarəetmə mərkəzini təkmilləşdirəcək. Bu investisiya vasitəsilə pik saatlarda qatarların daha qısa intervallarla hərəkət etməsi, həmçinin xidmətlərdə fasilələrə səbəb ola biləcək və sərnişinlərin təhlükəsizliyinə təsir edə biləcək əməliyyat hadisələrinin minimal səviyyəyə enməsi gözlənilir.
Həmçinin layihə texniki təlimlər və kadr potensialının inkişafı vasitəsilə “Bakı Metropoliteni” QSC-nin institusional potensialını və rəqəmsal imkanlarını gücləndirəcək. Bu layihə işə qəbul, təlim, sertifikatlaşdırma və karyera inkişafı tədbirləri vasitəsilə qadınların texniki və rəqəmsal sahəyə dair vəzifələrdə daha çox təmsil olunmasını təşviq edəcək.
Layihənin ümumi dəyəri təxminən 515,07 milyon dollardır. Asiya İnkişaf Bankından başqa, bu layihəyə Asiya İnfrastruktur İnvestisiya Bankı 79,98 milyon dollar, Azərbaycan hökuməti isə qalan 132,71 milyon dolları ayıracaq.
AİB Asiya və Sakit Okean regionunda dayanıqlı, inklüziv və davamlı inkişafı dəstəkləyən aparıcı çoxtərəfli inkişaf bankıdır. AİB üzv ölkələr və tərəfdaşları ilə birlikdə mürəkkəb çağırışları həll edərkən, insanların həyatlarını yaxşılaşdırmaq, keyfiyyətli infrastruktur qurmaq və planetimizi qorumaq üçün innovativ maliyyə alətlərindən istifadə edir və strateji əməkdaşlıqlardan yararlanır. AİB 1966-cı ildə yaradılıb, 50-i regiondan olmaqla bankın 69 üzvü onun səhmdarlarıdır.













