“Bakı Metropoliteni” QSC ilə Rusiyanın "Transmaşholdinq" Səhmdar Cəmiyyəti arasında bu ilin əvvəlində bağlanmış müqaviləyə əsasən, Bakı metropoliteni üçün istehsal edilmiş 10 vaqon artıq Bakıdadır.
FED.az xəbər verir ki, "Transmaşholdinq" Səhmdar Cəmiyyəti ilə bağlanmış müqaviləyə görə il ərzində “Bakı Metropoliteni” üçün daha 20vaqon istehsal ediləcək:
"Həmin şirkətin tərkibinə daxil olan "Metrovaqonmaş” ASC-nin istehsal etdiyi 81-765. B81-/766.B modelli bu vaqonlar innovasiyalar baxımından ən müasir - 4-cü nəslə aiddir. Sazlama və sınaq işlərindən sonra istifadəyə veriləcək yeni 10 vaqon əvvəlki nümunələrindən xeyli fərqlənir. Yeni vaqonların qapıları daha enlidir, açılıb-bağlanması işıqlı xəbərdarlıq sistemi ilə təmin edilib. Bundan savayı, vaqonların konstruksiyası səs-küy və istilik izolyasiyasına, kondisioner, ventilyasiya sisteminə, sərnişinlərin elektron qurğularının doldurulması üçün USB portlara malikdir. Baş vaqonlarda əlil arabacıqları üçün yerlər ayrılıb.
İstehsal zamanı, sifarişçi kimi, "Bakı Metropoliteni" QSC-nin texniki şərtləri xüsusi nəzərə alınıb. Bu xüsusda orijinal qrafikalı işıq sxemi yerli informasiya sisteminə uyğunlaşdırılıb. Əsas yeniliklərdən biri kimi, kondisionerlərin Bakının iqlim şəraitinə uyğunlaşdırılması qeyd oluna bilər. Soyutma sistemi daha yüksək keyfiyyət göstəriciləri ilə təmin olunub. Həmçinin Bakı metropoliteninin yol relyefinin mürəkkəbliyi və profili nəzərə alınaraq, bütün vaqonlar dartı mühərriki ilə təmin edilib", - qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, metronun vaqon parkı yenilənməkdə davam edəcək:
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Bakı metropoliteninin perspektiv inkişaf planında vaqon parkının daha müasir və sərnişinlər üçün daha rahat vaqonlarla təmin edilməsi hesabına yenilənməsi də nəzərdə tutulub. 2014-cü ildə "Bakı Metropoliteni" QSC təsis edildikdən sonra bu istiqamətdə görülən işlərin nəticəsi kimi, 2015-ci ildən başlayaraq metropolitenin lokomotiv təsərrüfatında müasirləşmənin əsası qoyulub. Ötən müddət ərzində 25 yeni nəsil vaqonları alınaraq, sərnişindaşıma prosesinə qoşulub. Bu mənada cari il alınacaq vaqonların sayına görə daha fərqli olacaq.