"Bu gün Bakı-Gəncə sürət qatarı işə düşüb. Bu, çox uğurlu layihədir. Bəziləri deyirdilər ki, söz verilir, amma əməl edilmir. Biz söz də veririk, əməl də edirik".
Bunu "Azərbaycan Dəmiryolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov deyib.
O bildirib ki, qatarda xidmət yüksək səviyyədədir: "Burada fərqli qiymətlər mövcuddur. Burada Biznes-klass yerlər var. Bu bir qədər bahalıdır, belə də olmalıdır. Burada insanlara seçim imkanı verilir. Yaxın vaxtlarda Wi-fi sistemi təkmilləşdiriləcək".
C.Qurbanov qatarda təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təmin olduğunu vurğulayıb.
Bakı-Gəncə istiqamətində gediş haqqı "Birinci class" üçün 100 manat, "Biznes" üçün 50 manat, "Standart" yerlər üçün isə 15 manat təşkil edir. Gəncə-Bakı istiqaməti üzrə də qiymətlər eyni səviyyədədir.
HƏRƏKƏTİNƏ START VERİLİB
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti bu gün Bakı-Gəncə-Bakı istiqamətində yeni sürətli sərnişin qatarının hərəkətinə start verib.
Sürət qatarı saat 09:00-da Bakı Dəmiryolu Vağzalından yola düşüb.
Qatarın yolda olma müddəti 4 saat 28 dəqiqə təşkil edəcək. Qeyd edək ki, qatarın ik sərnişinləri jurnalistlər və bir qrup deputatlardır. Qonaqları "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov müşayiət edir.
Xatırladaq ki, qatarın Biləcəri, Yevlax və Goran stansiyalarında dayanacaqları mövcuddur. Dörd vaqondan ibarət qatarda Birinci class (9 yer), Biznes (62 yer) və Standart (296 yer) olmaqla, cəmi 367 oturacaq yer var.
marja.az