"Made in Azerbaijan" brendinin təşviqi məqsədilə ixracatçılara verilməsi nəzərdə tutulan logistika subsidiyası daşınma xərclərini azaldacaq, ixracatçılara beynəlxalq bazarda daha sərfəli şərtlərlə rəqabət aparmaq imkanı verəcək.
FED.az xəbər verir ki, bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) bildirilib.
Qurum bəyan edib ki, subsidiyanın bu il verilməsi nəzərdə tutulub: “Logistika subsidiyası ixracatçılara mühüm dəstək verəcək. Xüsusilə qeyri-neft-qaz məhsullarının daşınmasında yaranan yüksək xərclər bu məhsulların xarici bazarda rəqabət qabiliyyətini azaldır. Bu dəstək sayəsində məhsullar daha ucuz və əlçatan olacaq, bu da ixracın artmasına və yerli istehsalçıların uğuruna töhfə verəcək.
Xatırladaq ki, Ölkə Prezidentinin 5 oktyabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Xarici ölkələrə ixrac missiyalarının və Azərbaycan ərazisinə alıcı missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı beynəlxalq sertifikat almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”na əlavə və dəyişikliklər layihəsi hazırlanıb. Layihədə digər yeni dəstək mexanizmləri ilə yanaşı “Qeyri-neft məhsullarının daşınması üçün dəstək” mexanizmi də nəzərdə tutulub. Hazırda layihə aidiyyəti qurumlarla razılaşdırma mərhələsindədir.
Qeyri-neft-qaz məhsullarının daşınması üçün çəkilmiş xərclərə görə ödəniləcək dəstək məbləği həmin xərclərin 70 %-ni əhatə edəcək. Logistika subsidiyası əsasən emal olunmuş məhsulların ixracını dəstəkləmək məqsədilə veriləcək. Subsidiya mexanizminin əsas məqsədi ixracın şaxələndirilməsini təmin etmək və məhsulların xüsusilə qeyri-ənənəvi bazarlar olmaqla, müxtəlif xarici bazarlara çıxışını təşviq etməkdir. Mexanizm ondan ibarətdir ki, subsidiya məbləği şirkətlərin ixrac prosesində məhsulların daşınması ilə bağlı çəkdikləri xərclərin müəyyən hissəsinin sonradan (ödənişdən sonra) geri qaytarılması formasında təqdim olunacaq. (Report)