Azərbaycanın «Silk Vey Vest Aviaşirkəti» 2022-ci ilin ilk yarım ilində ölkənin bütün bank və sığorta sektorundan artıq qazanc əldə edib.
Eləcə də bax: «Bravo» yarım ili böyük zərərlə başa vurub – 5-Cİ İLDİR ZƏRƏRDƏDİR - HESABAT
FED.az xəbər verir ki, aviasiya ilə yük daşımaları ilə məşğul olan şirkətin hesabatına əsasən ilk yarım ildə «Silk Vey Vest Aviaşirkəti»nin aktivləri 2 milyard 440 milyon manat təşkil edib.
2022-ci ilin əvvəlindən bəri şirkətin aktivləri 400 milyon manat artıb.
Şirkətin öhdəlikləri 1 milyard 339 milyon manat, kapitalı isə 1 milyard 101 milyon manatdır.
İlin əvvəlindən indiyədək kapitalı 400 milyon manata yaxın artıb, öhdəlikləri isə əksinə 80 milyon manata yaxın azalıb.
İlk yarım ildə şirkətin gəlirləri 1 milyard 785 milyon manat, xərcləri 987 milyon manat təşkil edib.
Nəticədə şirkət yarım ili 806 milyon manat əməliyyat mənfəəti ilə başa vurub. Şirkətin gəlir marjası 45%-ə yüksəlib.
Digər xərcləri nəzərə alanda «Silk Vey Vest Aviaşirkəti»nin yarım illik vergidən əvvəlki mənfəəti 768 milyon manat, 165 milyon manat vergi ödənişindən sonra isə xalis mənfəəti 602 milyon manat olub.
«Silk Vey Vest Aviaşirkəti»nin xalis mənfəəti sadəcə yüksək deyil, o ümumiyyətlə ölkə iqtisadiyyatının bütöv sektorularını ümumi mənfəətini də üstələyir. Belə ki, 2022-ci ilin ilk yarısında ölkənin bank sektorunun ümumi xalis mənfəəti 400 milyon manat ətrafında olub.
«Silk Vey Vest Aviaşirkəti»nin xalis mənfəəti bu göstəricini 50% üstələyir.
Qeyd edək ki, «Silk Vey Vest Aviaşirkəti»nin əvvəlki illərdə də yüksək mənfəəti olub. Şirkət 2020-ci ildə 630 milyon manat, 2021-ci ildə isə 920 milyon manat xalis mənfəət əldə edib.