“ADY Konteyner” şirkəti ilə “Azəralüminium” MMC-nin birgə əməkdaşlığı çərçivəsində növbəti yükdaşıma əməliyyatı həyata keçirilib. Bu dəfə Azərbaycandan Çinə konteynerlərlə yaşıl neft koksu ixrac edilib.
FED.az xəbər verir ki, “ADY Konteyner"in yaydığı məlumatda bildirilir ki, Gəncə-Pingyuan marşrutu üzrə hərəkət edən blok qatarda yüklər hər biri 40 futluq olmaqla 50 konteynerdə daşınır. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə hərəkət edən qatar Ələt limanından Qazaxıstanın Aktau limanına “Barıs” fider gəmisi vasitəsilə çatdırılıb. Daha sonra Qazaxıstan ərazisi ilə Çinə istiqamət götürüb.
Layihə “ADY Konteyner” və “Azəralüminium” şirkətləri arasında imzalanmış birgə yükdaşımalar haqqında anlaşma memoranduma uyğun olaraq həyata keçirilir.