Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə enəcək və Azərbaycan Respublikasının ərazisini tərk edəcək hava gəmisinin sərnişinləri və ekipajı barədə məlumatların daşıyıcılar tərəfindən verilməsi, habelə həmin məlumatların qəbul edilməsi, saxlanması və digər dövlət orqanları (qurumları) ilə mübadilə edilməsi Qaydası”nda dəyişiklik edib.
FED.az xəbər verir ki, qüvvədə olan Qaydaya əsasən, Azərbaycan Respublikasının ərazisinə enəcək və Azərbaycan Respublikasının ərazisini tərk edəcək hava gəmisinin sərnişinləri barədə daşıyıcılardan daxil olan məlumatlar təhlil olunmaq üçün elektron formada real vaxt rejimində informasiya sisteminin müvafiq proqram təminatı vasitəsilə Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizliyi Xidmətinə və Xarici Kəşfiyyat Xidmətinə ötürülür.
Dəyişikliyə əsasən, bu siyahıya Dövlət Gömrük Komitəsi də əlvə edilib. Beləliklə, Azərbaycan Respublikasının ərazisinə enəcək və Azərbaycan Respublikasının ərazisini tərk edəcək hava gəmisinin sərnişinləri barədə daşıyıcılardan daxil olan məlumatlar təhlil olunmaq üçün elektron formada real vaxt rejimində informasiya sisteminin müvafiq proqram təminatı vasitəsilə Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti ilə bərabər Dövlət Gömrük Komitəsinə də ötürüləcək. (Apa)