Azərbaycanın rayonlarına avtobuslarla gecə reysləri bərpa ediləcək. Bu barədə FED.az-a açıqlamasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib.
Eləcə də bax:Azərbaycanda avtomobil yollarının yeni dərəcəsi - MÜƏYYƏNLƏŞİB
Xatıradaq ki, Azərbaycanda avtobusla gecə reysləri əvvəllər həyata keçirilirdi, amma bir neçə il əvvəl buna qadağa qoyulub. Keçmiş Nəqliyyat Nazirliyinin qərarı ilə 2010-cu il may ayının 6-dan etibarən Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzaldan (hazırda Bakı Beynəlxalq Avtovağzal Kompleksi) şəhərlərarası istiqamətdə uzaq məsafələrə yola düşən avtobusların qrafikində dəyişiklik edilib: «NN-nin qərarına əsasən gecə saatlarında avtobusların Bakıya doğru və əks istiqamətdə hərəkətinə qadağa qoyuldu, saat 01:00-dan 06:00-dək isə sürücülərin istirahət vaxtı kimi müəyyən edildi. Bakıdan müxtəlif istiqamətlərə gedən avtobusların yoladüşmə vaxtı saat 17:00-dan sonra məhdudlaşdırıldı».
Həmin vaxt bu qərar gecə vaxtlarında yollardakı qəzaların və həlak olanların sayının ariması ilə bağlı idi: «O dövr üçün bu qərarın əsaslandırılmasına dair gətirilən arqumentlər sırasında ölkə yollarında baş verən çoxsaylı nəqliyyat qəzaları nəticəsində həlak olan və xəsarət alanların sayının durmadan artması, magistral şosse yollarındakı vəziyyətin ürəkaçan olmaması, bu yolla hərəkət etməyə məcbur köhnə, texniki cəhətdən istismar üçün əlverişli olmayan avtonəqliyyat vasitələri ilə sərnişin daşınmasının təhlükəli olması faktları həqiqətən ehtiyatlanmağa səbəb verirdi».
İndi isə vəziyyət dəyişib, daşımalar və daxili səyahətlərdəki aktivliyin artması daha sürətli daşımalara və gecə reyslərinə də tələbatı artırıb: «Sərnişinlər bu qərarın hazırda onlar üçün ciddi problemlər yaratdığını, iş saatlarından sonra rayonlara getmək istəyənlərin yetərincə olduğunu, geridə qoyduğumuz 10 il ərzində yol infrastrukturunda ciddi təmir-bərpa işlərinin aparıldığını və bütün bu səbəblərdən onların məcburən qeyri-qanuni daşımalara üstünlük verdiklərini bildirirlər və bununla bağlı gecə reyslərinin yenidən bərpası ilə bağlı NRYTN yanında DANX-a müraciətlərin sayı get-gedə artır».
N.Allahyarova bildirir ki, hazırda yollardakı şərait, xüsusilə də nəqliyyat-yol infrastrukturunn vəziyyəti əvvəlki illərdən xeyli fərqlənir: «Magistral avtomobil yollarında əsaslı, cari təmir işlərinin yüksək templə aparılması, həmin yolların işıqlandırılması üçün müvafiq tədbirlərin görülməsi, ölkəmizin iri beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ilə əlaqədar regionlardan paytaxta gələn sərnişinlərin vaxt məhdudiyyəti, avtonəqliyyat parkının 10 il əvvəlki vəziyyətlə müqayisədə (şəhərlərarası daşımalar) müasir, komfortlu avtobuslarla yenilənməsi gecə reyslərini aktual edir».
Bütün bunları nəzərə almaqla Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) avtobuslarla gecə reyslərinin bərpası üçün təkliflər hazırlayıb: «Və əgər qərar qüvvəyə minərsə, ilkin vaxtda avtonəqliyyat parkını təhlükəsiz və komfortlu avtonəqliyyat vasitələri ilə yeniləyən daşıyıcıların istismar etdiyi xətlərə üstünlük veriləcək. Təbii ki, reyslər üzrə yol infrastrukturunun da gecə reyslərinə uyğun olub olmadığı nəzərə alınacaq. Bu həm də daşıyıcılar arasında rəqabətlilik mühitini də formalaşdıra biləcək».
Başqa sözlə, gecə reyslərinin fəaliyyətə başlaması, sərnişinlərə rahatlıq yaratmaq və vaxt itkilərini azaltmaqla yanaşı, daşıyıcı şirkətlər üçün də biznes genişləndirmək üçün yeni imkanların yaranması deməkdir. Xidmətin də elan etdiyi kimi, gecə reysləri ilk növbədə yol infrastrukturunun uyğun olduğu istiqamətlərlə yanaşı, həm də daha keyfiyyətli avtobusların istifadə edildiyi istiqamətlərdə işə düşəcək. Bu da nəqliyyat şirkətlərini həm də avtobus parkını yeniləməyə stimullaşdıracaq.