Bu ilin yanvar-iyun aylarında Azərbaycanda daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı 94 minə yaxın olub. Əmlak Məsələləri Dövlət Komitəsindən bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12% artım deməkdir. Bu göstəricinin 28,5 minə yaxını (30,4%) ilkin, 65 minə yaxını (69,6%) isə təkrar qeydiyyata aid olub. Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 18 498-i fərdi yaşayış və bağ evi, 23 758-i mənzil, 47 233-ü torpaq sahəsi, 1 725-i qeyri-yaşayış binası, 1 568-i qeyri-yaşayış sahəsi, 375-i əmlak kompleksi, 23-ü çoxmərtəbəli yaşayış binası, 122-si isə çoxillik əkmələr təşkil edib.
İlkin qeydiyyatın 10 654-ü Bakı şəhərinin, 18 minə yaxını isə regionların payına düşür. İlkin qeydiyyat ötən ilin ilk 6 ayı ilə müqayisədə 17,7% artıb.
Bundan başqa, 2017-ci ilin yanvar-iyun ayları ərzində ölkə üzrə 5 913 mənzil özəlləşdirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə özəlləşdirilmiş mənzillərin sayı 17,2% artıb. Ümumilikdə isə özəlləşdirmə başlayandan bu günədək ölkə üzrə 535 minə yaxın mənzil özəlləşdirilib.
Hesabat dövründə daşınmaz əmlakın texniki inventarlaşdırılması və texniki pasport tərtib edilməsi ötən ilin eyni dövrü ilə müqayisədə 16,3% artaraq 81 129 təşkil edib.
Həmçinin, hüquqi və fiziki şəxslərə 72 578 məhdudiyyət arayışı verilib. Məhdudlaşdırmaya (yüklülüyə) dair dövlət reyestrindən arayışların verilməsində, ötən ilin eyni dövrünün statistikası ilə müqayisəsi zamanı 19% artımın olduğu müşahidə edilib.
Bu ildə 17 193 ipoteka müqaviləsi bağlanıb. Bundan 3 138 torpaq sahəsi, 8 133-ü mənzil, 4 013-ü fərdi yaşayış və bağ evləri, 1 909 isə digərinə aid olub.
Hesabat yarımilliyində 1 600-dən çox yüklülük (icarə, istifadə) dövlət qeydiyyatına alınıb. Bundan başqa, əhaliyə xidmətlə bağlı 33 mindən çox digər müxtəlif məzmunlu arayışlar verilib.
Qeyd edək ki, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı fəaliyyət göstərən mobil ofislər vasitəsilə isə 6 ay ərzində vətəndaşlardan 33 mindən çox müraciət qəbul olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 20,2% artıb.