Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıdakı 49 nömrəli şəhərdaxili və 515 nömrəli şəhərətrafı avtobus marşrutlarını müsabiqəyə çıxarıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 515 nömrəli marşrut Xırdalandan Bakı Avtovağzal Kompleksinə, 49 nömrəli marşrut isə 28 May metrosundan Sabunsuya işləyir.
Müsabiqə şərtləri o qədər də asan deyil – tələblərə görə, 515 saylı marşrutda işləmək üçün azı 19 ədəd, 49 saylı marşrutda işləmək üçün isə azı 32 ədəd avtobus olmalıdır. Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat avtobuslar da təqdim olunmalıdır.
515 nömrəli marşrut səhər saat 6-dan axşam 22.30-ə qədər, 49 nömrəli marşrut isə səhər saat 5.15-dən gecə 23-45-ə qədər işləməlidir.
İddiaçıların təkliflərinə komissiya tərəfindən 515 nömrəli (Xırdalan şəhəri - Bakı Beynəlxalq Avtovağzal Kompleksi) avtobus marşrutu üzrə 1 lotda dekabrın 16-da, 49 nömrəli ("28 May" m/st - 68 nömrəli məktəb) avtobus marşrutu üzrə 1 lotda dekabrın 19-da baxılacaq.
Sənədlər 25 noyabr 2025-ci il, saat 17:00-dək AYNA-da (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Anar Məmmədov - tel: 050-444-10-75, e-poçt: [email protected]) qəbul ediləcək.












