Azərbaycana xaricdən idxalı – TARİXİNDƏ REKORD HƏDDƏ ÇATDI - MƏBLƏĞ
17:48
18 Aprel 2019
Azərbaycana xaricdən idxal tarixində rekord həddə çatıb. FED.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) yanvar-mart ayları üzrə açıqladığı statistikada bildirilir.
Komitənin məlumatına görə, ilk 3 ayda Azərbaycanın xaricə ixracı 4 milyard 484,5 milyon dollar, idxal isə 3 milyard 135,6 milyon dollar təşkil edib. İlk rübün nəticəsində müsbət saldo 1 milyard 348,9 milyon dollar olub. İqtisadçı ekspert Rövşən Ağayev bildirir ki, komitənin açıqladığı məlumatlar idxal göstəricilərinin ölkə tarixində ən yüksək həddə çatdığını bildirir və idxalın belə sürətli böyüməsinin səbəbi dövlət sektorudur:
Eləcədə bax: Gömrük Komitəsindən "ayrı-seçkilik edir" iddiası ilə bağlı - AÇIQLAMA
Gömrük Komitəsinin 3 aylıq xarici ticarət statistikasında diqqəti cəlb edən məqam idxalın indiyədək görünməmiş bir məbləğə çatmasıdır. İndiyədək heç zaman Azərbaycanın orta aylıq idxalı 1 mlrd. dolları, illik idxalı 10.7 mlrd. dolları ötməyib. İllik yekunla götürdükdə orta rüblük göstəricinin 3 mlrd.dolları ötdüyünü də xatırlamıram.
Amma 2019-cu ilin 3 ayı üzrə xaricdən məhsul idxalı 3.135 mlrd. dollara çatıb. Əgər bu temp davam edərsə, illlik idxal 13 mlrd. dollara yaxınlaşacaq.
İdxalı artıran əsas səbəb dövlət sektorudur. Belə ki, 2018-ci ilin 3 ayına nisbətən bu ilin 3 ayında idxal 944 mln. dollar (43%) artıb. Bu artımın təxminən 800 mln. dolları (bütün artımın 85%-i) dövlət sektoru hesabına təmin edilib.
Əgər artım özəl sektor hesabına olsa idi, belə kəskin artımın idxalda leqallaşma hesabına baş verdiyi ehtimalını düşünmək olardı.
Bu ilin 3 ayında bütün idxalın 38%-ni dövlət idxalı təşkil edib. Ötən il həmin göstərici cəmi 17.8% olmuşdu.
Amma aydındır ki, dövlət sektorunun idxalı həmişə rəsmi olub.
Dövlət sektorunun idxalı niyə belə sürətlə artır? Bunun cavabını bir halda bilmək olardı: Gömrük Komitəsi özəl və dövlət sektoru üzrə idxalı mal qruplarını ayrıca təqdim edəydi. Bizdə isə belə statistika aparılmır.
Qeyri-neft ixracında elə nəzərəçarpan artım yoxdu. 2018-ci ilin 3 ayında bütün ixracın 10%-dən bir qədər çoxunu qeyri-neft məhsulları təşkil etmişdi (357 mln. dollar), bu il 9%-ə yaxın olub (415 mln. dollar).