ADY Express şirkəti Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri ilə növbəti yüklərin daşınmasına start verib.
Eləcə də bax: ADY ilə əməkdaşlığa yeni ABŞ şırkətləri - Maraq Göstərir
FED.az xəbər verir ki, şirkətdən verilən məlumata görə, Rusiyanın nəhəng sənaye şirkətlərindən sayılan “Meçel” şirkətlər qrupu ilə əməkdaşlığa başlanılıb. “Meçel” dünyanın TOP-10 metalurji kömür istehsalçılarından biridir və Rusiyada ən çox xüsusi polad və ərintilər istehsalçısıdır. “Meçel” şirkəti kömür mədənçiliyi, metallurgiya, enerji, logistika sahəsində 20-dən artıq müəssisəni birləşdirir.
Əməkdaşlığa dair razılaşma, aprel ayında Moskvada keçirilən “TransRussia - 2021” nəqliyyat və logistika sərgisi çərçivəsində aparılan danışıqlar zamanı əldə olunmuşdur. Beləliklə, “Meçel-Trans” şirkəti (Mechel Qrupunun bir hissəsi) ilə “ADY Express” MMC arasında müqavilə imzalanmışdır.
“Meçel” şirkətinin rəsmi saytına istinadla bildirmək istərdik ki, “Meçel-Trans” şirkətinin idarəçiliyində 11 min yük vaqonu mövcuddur və illik yükdaşıma həcmi 30 mln tondan çoxdur.
ADY Express, Meçel şirkətinə məxsus məhsulların Gürcüstana nəqlini həyata keçirəcək. Artıq ilk yükdaşıma baş tutub. Rusiyanın “Beloretsk” stansiyasından göndərilən polad tellər yükü, 3241 km məsafəni qət edərək, Gürcüstanın Tbilisi-Tovarnaya stansiyasına çatdırılıb. İlk yükün həcmi 136 ton təşkil edib, yükgöndərən isə “Meçel” şirkətlər qrupuna aid olan “Beloretsk metallurgiya kombinatı”dır.
Şirkətin saytında yayımlanan press-relizə istinad edərək qeyd etmək lazımdır ki, 2020-ci ildə “Meçel” şirkəti 3,7 mln tol polad və 3,5 mln ton çuqun istehsal edib. (Trend)