Azərbaycan və Rusiya arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yükdaşımaların inkişafı məqsədilə əməkdaşlıq haqqında Saziş imzalanıb.
FED.az xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumata görə, saziş nazir Rəşad Nəbiyevin Rusiyaya işgüzar səfəri çərçivəsində imzalanıb.
Məlumata görə, dəmiryolu infrastrukturunun və tranzit daşımalarının inkişafı üzrə əməkdaşlığın şərtlərini müəyyən edən sazişin məqsədi nəqliyyat əlaqələrinin səmərəliliyini yüksəltmək və “Şimal-Cənub” dəhlizinin Qərb marşrutunun potensialını artırmaq, eləcə də, dəmiryol nəqliyyatı ilə yüklərin daşınma həcminin artmasını stimullaşdıracaq və daşıma həcmlərinin artım tempi ilə dəmiryol nəqliyyatı infrastrukturunun inkişafı arasında balansı təmin etməkdir.
Səfər zamanı R. Nəbiyev, Rusiya hökuməti sədrinin müavini Vitali Savelyev və nəqliyyat naziri Roman Starovoytun iştirakı ilə görüş keçirilib. Görüşdə həmçinin avtomobil daşımalarının həyata keçirilməsi üçün müzakirələr aparılıb.