İlin əvvəlindən Azərbaycanın beynəlxalq hava limanlarında sərnişin axını 5,15 milyon sərnişin təşkil etmişdir.
FED.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətinin yaydığı məlumata görə, bunun 4,39 milyonu Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşür ki, bu da ötən ilin göstəricisindən 6% çoxdur.
Eləcə də bax: Bakı hava limanında hər - 5 REYSDƏN 1-İ GECİKİR
Naxçıvan hava limanı 597 min sərnişinə xidmət göstərmişdir, 140 min sərnişin isə ölkənin sıxlıq üzrə üçüncü aeroportu – Gəncə şəhərinin hava limanının xidmətlərindən istifadə etmişdir.
11 ay ərzində Milli aviadaşıyıcı “Azərbaycan Hava Yolları” 1,86 milyon, aşağıbüdcəli “Buta Airways” aviaşirkəti isə 552 min sərnişin daşımışdır.
Paytaxtın hava limanında beynəlxalq uçuşlarda sərnişinlərin sayı 3,8 milyon nəfər təşkil etmişdir. Sərnişin aviadaşımaları üzrə aviaşirkətlərin onluğuna milli aviaşirkətlər ilə yanaşı “Türk Hava Yolları” (Türkiyə, 456 min sərnişin), “FlyDubai” (BƏƏ, 219 min), “Aeroflot” (Rusiya, 180 min), “AirArabia” (BƏƏ, 155 min), “UIA” (Ukrayna, 116 min), “Qatar Airways” (Qətər, 97 min), “Lufthansa” (Almaniya, 63 min) və “SCAT” (Qazaxıstan, 57 min) daxil olmuşdur.
2019-cu ilin noyabr ayı ərzində Heydər Əliyev Beynəlxalq Aeroportundan 30 sərnişin aviaşirkəti 60-dan çox müxtəlif istiqamətə uçuşlar həyata keçirmişdir.
Qeyd edək ki, Gəncə və Naxçıvan hava limanlarından Moskvaya və İstanbula birbaşa uçuşlar həyata keçirilir. Həmçinin milli aviadaşıyıcı AZAL qış cədvəli çərçivəsində Lənkərandan Moskvaya və geri istiqamətə müntəzəm birbaşa aviareyslər həyata keçirir.
Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur.