AZAL və “IATA Consulting” İstanbulda keçirilən IATA-nın 79-cu İllik Ümumi İclasında əməkdaşlığın strateji istiqamətlərini müəyyən edən anlaşma memorandumu imzalayıb.
Türkiyə şirkəti TAV Bakı aeroportunda öz həllərini - TƏTBİQ EDƏCƏK
FED.az xəbər verir ki, IATA Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasıdır. Əməkdaşlığın ortaq məqsədi aviasiya sənayesini təkmilləşdirmək və beynəlxalq standartlara cavab verməkdir. Bu tərəfdaşlıq AZAL-a öz proseslərini optimallaşdırmağa, fəaliyyətinin səmərəliliyini və etibarlılığını artırmağa, həmçinin Azərbaycanın hava nəqliyyatı sektorunun inkişafına töhfə verməyə imkan verəcək.
“Aviasiya BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında mühüm rol oynayır, ona görə də Azərbaycanda hava nəqliyyatı sektorunun təkmilləşdirilməsi ölkənin inkişafına müsbət təsir göstərəcək. IATA və AZAL əməkdaşlığı dünya standartlarına və qabaqcıl təcrübələrə əsaslanan sosial-iqtisadi inkişaf potensialının həyata keçirilməsinə kömək edəcək.” - deyə IATA-nın baş direktoru Uilli Uolş bildirib.
AZAL aviasiya sənayesində prosesləri təkmilləşdirməyi hədəfləyib və “IATA Consulting” ilə əməkdaşlığın əsas sahələrinə 2023-2030-cu illər arasında marşrut şəbəkəsinin və təyyarə parkının uzunmüddətli planlaşdırılması, donanmanın cari planlaşdırılmasında düzəlişlər, yanacaqdan səmərəli istifadənin təhlili və potensial qənaət daxildir.
AZAL QSC-nin birinci vitse-prezidenti Samir Rzayev öz növbəsində qeyd edib: “Biz IATA ilə tərəfdaşlığımızı yüksək qiymətləndiririk və əminik ki, əməkdaşlığımız ölkənin aviasiya sənayesinin inkişafı üçün yeni imkanlar açacaq. “IATA Consulting” mütəxəssisləri hava limanlarında və aviaşirkətdə təyyarə parkının planlaşdırılması, yanacaq səmərəliliyinin artırılması, EASA uyğunluğunun təmin edilməsi və digərləri kimi proseslərin optimallaşdırılması layihələrində iştirak edəcəklər.”
Əməkdaşlıq çərçivəsində “IATA Consulting” AZAL-a EASA (Avropa Uçuş Təhlükəsizliyi Agentliyi) tələblərinin yerinə yetirilməsinə dəstək verəcək.
Bura uçuş təhlükəsizliyinin idarə edilməsi sisteminin (SMS) tətbiqi, tələblərə riayət olunmasına nəzarət və uçuşa yararlılığın saxlanmasının idarə edilməsi (CAMO) daxildir. Bundan əlavə, təşkilat təhlükəsiz və səmərəli aviadaşımaların təmin edilməsi və ölkə daxilində kommunikasiyaların yaxşılaşdırılması üçün Azərbaycanın hava məkanı strategiyasının hazırlanmasında AZANS-a dəstək göstərir.