Sərnişinlərin artan tələbatına cavab olaraq AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə gündəlik reyslərin sayını 10-dan 12-yə çatdırıb.
AZAL: "Bu istiqamətdə heç bir sərnişin biletsiz qalmayıb, gündəlik 2 minə yaxın sərnişin daşıyırıq"
AZAL-dan FED.az-a bildirilib ki, Azərbaycanın milli aviadaşıyıcısı sərnişinlərin Bakı-Naxçıvan arasında reyslərə olan tələbatını tam ödəyir. Bu istiqamətdə heç bir sərnişin biletsiz qalmayıb.
Bu marşrut üzrə gündəlik 11-12 reys həyata keçirilir ki, bu da sərnişinlərə səfərlərin planlaşdırılmasında rahatlıq və ən əlverişli uçuş vaxtını seçmək imkanı yaradır. Məsələn, iyulun 1-də 12, iyulun 2-də isə 11 reysin həyata keçirilməsi nəzərdə tutulub.
Uçuşların sayının artması ilə əlaqədar biletlərin mövcudluğu tam təmin olunduğundan sərnişinlərin aviabilet almaq üçün AZAL-ın kassalarının qarşısında növbəyə durmasına ehtiyac qalmayıb.
Sərnişinlər Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviabiletləri şirkətin www.azal.az saytından, AZAL-ın rəsmi kassalarından onlayn əldə edə, həmçinin [email protected] elektron poçt ünvanı və ya +994(55)204 65 54 nömrəsi vasitəsilə vatsap mobil tətbiqi üzərindən əlaqə mərkəzinə müraciət edə bilərlər.
Qeyd edək ki, respublikadaxili reyslərə aviabiletlərin qiyməti Tarif Şurası tərəfindən tənzimlənir və hazırda Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətlərində Azərbaycan vətəndaşları üçün 60 manat, xarici ölkə vətəndaşları üçün isə 70 manat təşkil edir.
Bundan əlavə, 18 yaşınadək əlil uşaqlar, tələbələr, həmçinin I və II qrup əlillər üçün 10 manat güzəşt tətbiq edilir. Yalnız bu kateqoriyadan olan sərnişinlər aviabiletləri aviaşirkətin Bakı və Naxçıvan hava limanlarındakı rəsmi kassalarında əldə edə bilərlər. Həmin sərnişinlər biletləri alarkən müvafiq sənədləri təqdim etməlidirlər.