Koronavirus pandemiyası səbəbindən bütün uçuşların dayandırılması və hava yolları şirkətlərinin gəlirlərinin böyük ölçüdə azalması ilə əlaqədar dünyanın istisnasız olaraq bütün aviaşirkətləri kimi “Azərbaycan Hava Yolları” QSC (AZAL) də böyük zərərlə qarşılaşıb.
FED.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Mais Priyev məlumat verib.
Onun sözlərinə görə, artıq bir sıra aviaşirkətlər müflis elan edilib, əksəriyyəti isə dövlətləri tərəfindən dəstəklənirlər: “Dövlət dəstəyi tədbirləri çərçivəsində respublikamızın ən iri aviaşirkəti olan AZAL-a 86,9 milyon manat vəsaitin köçürülməsi təmin edilib. Dövlət büdcəsindən ayrılan maliyyə dəstəyi ilk növbədə AZAL-da və onun tabeli təşkilatlarında çalışan işçilərin əməkhaqqları və ona bərabər tutulan ödənişlərə, xarici və daxili qurumlar qarşısında olan kreditor borclara, kommunal və bir sıra digər minimal əməliyyat xərclərinin ödənilməsinə yönəldilib”.
Bundan başqa, Naxçıvan Beynəlxalq Hava Limanının əmək haqqı və digər əməliyyat xərclərinin qarşılanması, habelə şəhərlərarası və şəhərdaxili nəqliyyat xidməti sahəsində fəaliyyət göstərən 7 sahibkarlıq subyektinə maliyyə yardımının göstərilməsi üçün 1,2 milyon manat vəsait muxtar respublikanın Nazirlər Kabinetinə köçürülüb.