Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) də daxil olmaqla, respublikanın 56 avtovağzal və avtostansiya kompleksi Yeni il bayramı ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib.
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəsmisi Günay Əliyeva bildirib.
Onun sözlərinə görə, gücləndirilmiş iş rejimi ilə əlaqədar olaraq, Bakıdan regionlara, həm də regionlardan paytaxta axının çox olacağı üçün avtobusların sayının artırılması qərara alınıb. Normal rejimdə BBAK-dan gün ərzində 72 istiqamət üzrə 180 avtobus çıxırdısa, artıq bu rəqəm 350-400 ədəd təşkil edəcək. Bayram günü ilə bağlı gün ərzində 10 minə yaxın sərnişinin daşınacağı gözlənilir.
"Bayram dövrü ilə əlaqədar olaraq, Gəncə, Lənkəran, Şirvan, Şəki, Qax, Zaqatala, Quba istiqamətindən paytaxta axının çox olacağı üçün bu istiqamətlərdə avtobusların sayında artım daha çox olacaq. Digər istiqamətlərdə avtobusların sayı sərnişin axınına uyğunlaşdırılacaq", - G. Əliyeva qeyd edib.
O əlavə edib ki, Nazirlər Kabineti yanında Operativ qərargahın qərarına uyğun olaraq, may ayının 31-dən etibarən ölkədə şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti tam bərpa olunsa da, sərnişinlərə avtobuslarla məhdud sayda xidmət göstərilib.