“Gələcəkdə müntəzəm sərnişin daşımalarında elektron biletlərdən istifadə edilməsi nəzərdə tutulub”.
FED.az xəbər verir ki, bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Nuridə Allahyarova TED.az-a açıqlamasında bildirib.
Nuridə Allahyarova qeyd edib ki, bir neçə xidmətin elektronlaşdırılacağı nəzərdə tutulub : “Avtovağzalların fəaliyyət göstərməsi məqsədilə pasportun verilməsinə müraciət, sənədlərin qəbulu və respublika ərazisində avtomobil nəqliyyatı vasitələri ilə sərnişin, yük daşımalarını həyata keçirən vergi ödəyicilərinin hər bir avtomobil nəqliyyatına “Fərqlənmə nişanı”nın verilməsi üçün müraciət və sənədlərin qəbulu yaxın gələcəkdə elektronlaşdırılacaq. Həmçinin, vergi ödəyicilərinin öz istehsal fəaliyyətini təmin etmək üçün işçilərinin və özünəməxsus yüklərin daşınmasında istifadə olunan avtomobil nəqliyyatı vasitələrinə “Xüsusi fərqlənmənişanı”nın verilməsinə müraciət və sənədlərin qəbulu, eləcə də Respublika ilə beynəlxalq avtomobil daşımaları haqqında beynəlxalq müqavilə bağlamış xarici ölkələrin ərazisində beynəlxalq avtomobil daşımalarını yerinə yetirməyə avtodaşıyıcılara xarici ölkələrin “İcazə” blankının verilməsi üçün müraciət və sənədlərin qəbulu da elektron şəkildə keçiriləcək”.
Qurum sözçüsü avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarına, daşıyıcıların cəlb olunmasına dair müsabiqədə iştirak üçün müraciətin və sənədlərin qəbulu xidmətlərinin də elektronlaşdırılmasının nəzərdə tutulduğunu vurğuladı : “Eyni zamanda gələcəkdə müntəzəm sərnişin daşımalarında elektron bilet, yük daşımalarında elektron əmtəə-nəqliyyat qaiməsi, qeyri müntəzəm sərnişin daşımalarında elektron formulyar sistemlərinin tətbiqi planlaşdırılır” .
N.Allahyarovanın sözlərinə görə, DANX rəqəmsal taxoqraf kartlarının verilməsi üçün müraciətin və sənədlərin qəbulu xidməti elektronlaşdırıb: “Sözügedən xidmət elektronlaşdırıldıqdan sonra “Elektron Hökumət” portalına inteqrasiya olunub”.