“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti vətəndaşların müraciətlərinə baxılması və qeyd olunan problemlərin həllində fəal iştirakına görə Onlayn İctimai Nəzarət Platforması (www.enezaret.az) tərəfindən təltif olunub. 2022-ci ilin dekabr-2023-cü ilin fevral ayları üzrə keçirilən dəyirmi masada bildirilib ki, ADY daxil olan vətəndaş müraciətlərinin cavablandırılmasında və operativ həllində xüsusi aktivlik nümayiş etdirib.
FED.az xəbər verir ki, bununla bağlı olaraq, ADY nümayəndələrinə təşəkkürnamə təqdim edilib.
Məlumat üçün bildirək ki, Onlayn İctimai Nəzarət Platforması ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Sosial İştiraka Dəstək (SES) layihəsi çərçivəsində icra edilir. Layihənin icraçısı "MG Consulting" MMC-dir.
Qeyd edək ki, Onlayn İctimai Nəzarət Platformasının məqsədi vətəndaşları narahat edən infrastruktur, kommunal, yol təsərrüfatı və digər sahələrlə bağlı müraciətləri aidiyyəti qurumlara yönləndirmək və onların həllinə nail olmaqdır. Platforma eyni zamanda ictimaiyyət üçün narahatlıq doğuran hər bir məsələyə səlahiyyətli orqanların reaksiyasını qiymətləndirir.