Dövlət Yol Polisi tərəfindən il ərzində 3,3 milyondan çox yol hərəkəti qayda pozuntusu, o cümlədən 9,4 minə yaxın nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə edilməsi, 1,7 milyondan çox sürət həddinin aşılması, 140,5 min ötmə, manevr və qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma qaydalarının pozulması, 135 minə yaxın yolayrıcını keçmə qaydalarının pozulması ilə bağlı fakt qeydə alınıb.
Bunu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində 2017-ci ildə yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsində Baş idarənin rəisi, polis general-mayoru Ramiz Zeynalov bildirib.
O qeyd edib ki, qayda pozuntularına görə 10 min 996 nəfərin sürücülük hüququ məhdudlaşdırılıb: “Həmin inzibati xətaların 63,3 faizi xüsusi texniki vasitələrin köməyi ilə, qalanları isə “İ-patrul” sistemi vasitəsilə və əməkdaşlar tərəfindən aşkarlanıb”.