Şərur şəhərində yeni “Yaşıl bazar” ticarət kompleksi istifadəyə verilib.
FED.az xəbər verir ki, 8384 kvadratmetr ərazini əhatə edən kompleksə 132 mağaza, 18 rəfdən ibarət meyvə-tərəvəz satış məntəqəsi, kafe, eləcə də 6 texniki otaq daxildir. Bazarda həmçinin ət, balıq, quşçuluq və süd məhsullarının satışı üçün tam gigiyenik qaydalara cavab verən yerlər ayrılıb.
Naxçıvan MR-da Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli kompleksdə yaradılan şəraitlə tanış olub.
Yüzlərlə sakinin işlə təmin olunmasına hesablanmış yeni ticarət kompleksinin istifadəyə verilməsi ilə Şərur rayonunda 400 nəfərin işlə təmin olunması nəzərdə tutulur.
“Yaşıl bazar”da əvvəlki illərdə mülkiyyət hüququ pozulmuş 32 rayon sakininə də ödənişsiz satış yerləri ayrılacaq.
Səlahiyyətli nümayəndə Axura kəndindən olan ailə təsərrüfatçısı Yusif Qafarovun mağazasında olub, satışa çıxarılan təbii məhsullarla maraqlanıb. Məlumat verilib ki, mağazada qurudulmuş və konservləşdirilmiş təbii məhsullar, sirkələr, turşu, mürəbbə və kompotlar, müxtəlif meyvələrdən hazırlanmış lavaş və halvalar, eləcə də rayonun şəfalı dərman bitkiləri satışa çıxarılıb.
Səlahiyyətli nümayəndə söhbət zamanı bildirib ki, Şərur ərazisində 100 meqavat gücündə Günəş Elektrik Stansiyası istifadəyə veriləcək. Bu, rayonda fəaliyyət göstərən istixanaların da daha səmərəli fəaliyyətini təmin edəcək.
Fuad Nəcəfli satışa çıxarılan təbii məhsulların qablaşdırılması və “Orqanik Naxçıvan” brendi adı altında geniş tanıdılmasının vacibliyini vurğulayaraq, bazarda fəaliyyətə başlayacaq hər bir sahibkara uğurlar arzulayıb.
Bazar kompleksinin ətraf əraziləri də abadlaşdırılıb, geniş avtomobil dayanacağı istifadəyə verilib.