"Buta Farm" MMC barəsində iki maddə əsasında inzibati xəta protokolu tərtib edilib.
FED.az xəbər verir ki, bu protokollardan biri İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsi ilə (Dərman vasitələri haqqında qanunvericiliyin pozulması) irəli sürülüb.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsinə görə,
Bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, bu əməllər az miqdarda törədildikdə inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə vəzifəli şəxslər 1 500 - 2 000 manatadək məbləğdə, hüquqi şəxslər 5 000 - 7 000 manatadək məbləğdə cərimə edilir.
Digər protokol isə həmin məcəllənin 452.3-cü maddəsinə (Fiziki şəxslərə dərman vasitələrinin buraxılması qaydalarının və aptek təşkilatlarına dair tələblərin pozulması) əsasən tərtib edilib.
Belə ki, həmin maddəyə əsasən Aptek təşkilatlarına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər 500-700 manatadək məbləğdə, hüquqi şəxslər 1000-1200 manatadək məbləğdə cərimə edilir.
Hər iki işə Bakı Şəhər Binəqədi rayon Məhkəməsində Fərid Əmirəliyev hakim təyin edilib.
Məlumat üçün qeyd edək ki, "Buta Farm" şirkəti 08.07.2008-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 500 manatdır. Qanuni təmsilçisi Emil Məmmədov Tahir oğludur. Az1060, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi ev 1022-də yerləşir.