Hesablama Palatası, “Büdcə zərfi”nə daxil edilən toplu maliyyə balansının beynəlxalq təcrübədə büdcə sənədləşməsində yer almadığını qeyd edir, habelə müvafiq balansın proqnozlaşdırılması zamanı müəssisə və təşkilatların resursları üzrə hesablama metodu əsasında hesablanmış məbləğlərin kassa metoduna keçirilməsində bütün göstəricilərin nəzərə alınmadığını bildirməklə, bunun toplu maliyyə balansının müvafiq rəqəmlərinin dəyişməsinə təsir göstərə biləcəyi qənaətindədir.
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, bu barədə Hesablama Palatasının 2022-ci ilin “Büdcə Zərfinə” dair rəyində bildirir.
Palata deyir ki, toplu maliyyə balansının dövlət büdcəsinin layihəsi ilə birlikdə təqdim edilmiş sənədlərə əlavə edilməsini “Büdcə sistemi haqqında” Qanununun 12.1.9-cu maddəsi tənzimləyir və müvafiq anlayışın tərifinə əsasən bu, konkret dövr üçün ölkədə maliyyə vəsaitlərinin yaranma mənbələri və istifadə istiqamətləri barədə məlumatları özündə əks etdirən maliyyə sənədidir. Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları” müvafiq sənədə dair ayrıca tələbləri, o cümlədən balansa daxil edilməli göstəriciləri müəyyən etmir.
Eyni zamanda, aparılmış təhlil beynəlxalq təcrübədə, o cümlədən post-sovet ölkələrində müvafiq sənədə büdcə sənədləşməsində və ümumiyyətlə büdcə qanunvericiliyində rast gəlinmədiyini deməyə əsas verir. Bu sənəd ayrı-ayrı ölkələr üzrə müxtəlif sənədlərlə, o cümlədən konsolidə edilmiş maliyyə hesabatlarının proqnozu, dövlətin maliyyə və qeyri-maliyyə aktivləri barədə məlumatlarla əvəz edilmişdir.
“Büdcə zərfi”nə daxil edilmiş məlumatlara əsasən növbəti il üçün toplu maliyyə balansının gəlirləri 60 mlrd. 886.7 mln. manat ( o cümlədən müəssisə və təşkilatların resursları 33 mlrd. 209.3 mln. manat və icmal büdcənin gəlirləri 27 mlrd. 677.4 mln. manat), xərcləri isə 66 mlrd. 115.7 mln. manat (o cümlədən müəssisə və təşkilatların sərəncamında qalan mənfəət və amortizasiya hesabına xərclər 33 mlrd. 209.3 mln. manat və icmal büdcənin xərcləri 32 mlrd. 906.4 mln. manat) proqnozlaşdırılmışdır.
Palata deyir ki, müəssisə və təşkilatların resursları üzrə proqnozlaşdırılmış 33 209.3 mln. manatın 27 844.9 mln. manatını vergilər ödənildikdən sonra mənfəət, 5 364.4 mln. manatını isə amortizasiya ayırmaları təşkil etmişdir.
Məlum olduğu kimi, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasında mühasibat uçotu sahəsində dövlət tənzimləməsinin əsas məqsədi Maliyyə Hesabatlarının Beynəlxalq Standartları, Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları, İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları və uçot qaydaları əsasında ölkədə maliyyə hesabatlarının tərtib olunmasını və mühasibat uçotunun aparılmasını təmin etməkdən ibarətdir.
“Büdcə zərfi”nə daxil edilmiş məlumatlardan göründüyü kimi, hesablama əsaslı göstəricinin (mənfəətin) kassa əsaslı göstəriciyə keçidinin təmin edilməsi məqsədilə mənfəətin əldə edilməsi üçün çıxılmış amortizasiya məbləği mənfəətin üzərinə gəlinmişdir. Lakin qeyd edək ki, beynəlxalq standartlarda (məsələn, İnternational Accounting Standart 7- Statement of Cash Flows) dolayı metod istifadə edilməklə hesablama əsaslı göstəricidən kassa əsaslı göstəriciyə keçid zamanı amortizasiya məbləği ilə yanaşı, debitor və kreditor borcların, ehtiyatların, sair aktiv və öhdəliklərdə dəyişiklərin, əsas vəsaitlərin dəyərsizləşməsinin, əmlak, tikili və avadanlıqlar, eləcə də qeyri-maddi aktivlərin satışından zərər və gəlirlərin də nəzərə alınmasını tələb edir.
Belə ki, standarta əsasən amortizasiya məbləği, dəyərsizləşmə məbləği, ehtiyatların və debitor borcun azalması, kreditor borcun artımı, əsas vəsait satışından zərər vergilər ödənildikdən sonra mənfəətlə cəmlənməli, ehtiyatların və debitor borcun artması, kreditor borcun azalması, əsas vəsait satışından gəlir isə vergilər ödənildikdən sonra mənfəətdən çıxılmalıdır.
Beləliklə, yuxarıda qeyd edilən göstəricilərin nəzərə alınması halında toplu maliyyə balansının proqnozlaşdırılmış məbləği tamamilə dəyişiləcəkdir.
“Yuxarıda göstərilənləri nəzərə almaqla, müvafiq sənədin hansı göstəricilərdən ibarət olması barədə sualların açıq qalmasını qeyd etməklə yanaşı, müvafiq sənədin verilən qərarların effektivliyinə nə dərəcədə təsir etdiyinin qeyri-müəyyən olduğunu bildiririk”- deyə, Palatanın rəyində qeyd edilir.