ABŞ prezidenti Donald Trampın hakimiyyətə qayıtması ilə birinci hakimiyyəti dövründə başlayan «investisiya alveri» yenidən qızışıb.
Trampın ailəsi “Binance” kriptobirjasında pay alır
FED.az xəbər verir ki, ABŞ lideri özünə məxsus şəkildə şirkətlərdən və ölkələrdən ABŞ-a pul yatırmağı tələb edir. Əks halda onların ticarət müharibələri və yüksək tariflərlə hədələyir.
Artıq bəzi iri şirkətlər Trampın tələblərinə əməl edərək ABŞ-a pul yatırmaq və ya başqa ölkələrdəki zavodlarını ABŞ-a köçürmək barədə planlarını açıqlayıblar. İndi isə növbə varlı ölkələrə çatıb.
Trampın hakimiyyətinin ilk dövründə olduğu kimi, bu məsələdə əsas gözləntiləri ərəb ölkələri, o cümlədən Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləridir.
Artıq hər iki ölkə tərəfindən təsdiqlənən məlumatlara görə, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ABŞ-a ümumilikdə 2 trilyon dollar investisiya yatıracaqlar.
İlin əvvəlində Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəddəm Bin Salman ABŞ prezidenti Donald Trampla telefon danışığı zamanı ölkəsinin Birləşmiş Ştatlara 600 milyard dolar yatıracağını elan edib. Bir neçə gün əvvəl isə Tramp Səudiyyə Ərəbistanının ABŞ-a 1 trilyon dollar investisiya edəcəyini açıqlayıb.
Qeyd edək ki, bu məbləğ ilk baxışdan olduqca varlı görünən Səudiyyə Ərəbistanı üçün də olduqca böyük rəqəmdir. Ölkənin Dövlət İnvestisiya Fondunda ümumilikdə cəmi 925 milyard dollar vəsait var. Başqa sözlə ABŞ-a vəd edilən məbləğ bü fonddan da böyükdür.
Tramp Səudiyyə Ərəbistanını gömrük tarifləri ilə deyil, neftin qiymətləri və təhlükəsizlik dəstəyi ilə «hədələyir». Hələ birinci prezidentliyi dövründə «biz olmasaq, cəmi 2 həftə davam gətirərsiniz» deməklə Səudiyyənin təhlükəsizliyinin ABŞ-dan nə qədər asılı olduğunu açıqlamışdı.
Məhz bu səbəbdən Səudiyyənin ABŞ iqtisadiyyatına yatırımlarının bir hissəsi bu ölkədən müasir silahların alınması olacaq.
ABŞ-a böyük investisiya yatıracaq 2-ci ərəb ölkəsi Birləşmiş Ərəb Əmirliyidir. Bu barədə martın ortalarında BƏƏ-nin milli məhlükəsizlik üzrə müşaviri şeyx Tahnun bin Zahid Əl Nahayən və ABŞ prezidenti Trampın Ağ Evdəki görüşündə elan edilib. Görüşün nəticəsi olaraq Ərəb Əmirlikləri qarşıdakı 10 il ərzində (yəni hətta Trampın prezidentlik dövrü başa çatandan sonra da – FED.az) ABŞ-a 1,4 trilyon dollar investisiya qoyulacağı elan edilib.
Bildirilir ki, BƏƏ ABŞ-da süni intellekt infrastrukturuna, yarım keçiricilər istehsalına, energetika və istehsala yatırım edəcək. Bu yatırımlar arasında diqqəti çəkən «Emirates Global Aluminium» şirkətinin ABŞ-da yeni alüminiu zavodu inşa etməsi də var. Bu son 35 ildə ABŞ-da tikilən ilk belə zavod olacaq və ölkədə alüminium istehsalını 2 dəfə artıracaq.
Qeyd edək ki, Ərəb Əmirliklərinin investisiya fondları, o cümlədən Abu-Dabidəki «Mubadala» fondu hansı ki, 330 milyard dolları var, artıq çoxdandır ki, ABŞ-ın ən böyük investorlarındandır.