İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Capital Partners İnvestisiya Şirkəti” QSC-ni dövlət qeydiyyatına alıb.
Eləcə də bax: “ABB-İnvest İnvestisiya Şirkəti” aktiv - Fəaliyyətə Keçib
FED.az xəbər verir ki, maliyyə qurumu “Rabitəbank” ASC-nin 2007-ci ildə təsis etdiyi, "Bakı Fond Birjası” QSC-nin səhmlərinin 4,76%-nə nəzarət edən “Kapital Partners” MMC-nin hüquqi varisidir və Azərbaycanda 2015-ci il iyulun 15-dən qüvvəyə minmiş "Qiymətli kağızlar bazarı haqqında" qanuna uyğun olaraq kapital bazarında fəaliyyət göstərəcək.
İnvestisiya şirkətinin hüquqi ünvanı əvvəlki kimi “Rabitəbank”ın vaxtilə baş ofisinin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Bünyad Sərdarov küçəsi, 1-dir. Onun qanuni təmsilçisi də dəyişməyib - İbrahim Koroğlu oğlu Mikayılovdur.
“Capital Partners”in nizamnamə kapitalının əvvəlcə 75 min manat olacağı bildirilsə də, sonradan bu məbləğin 5 min manat da artırılaraq 80 min manata çatdırılmasına qərar verilib. Bu isə investisiya şirkətinin 13 il əvvəlki ilkin kapitalından 1 000 dəfə çoxdur.
“Capital Partners”in gələn ildən fəaliyyətə başlaması, həm əsas, həm də yardımçı investisiya xidmətləri təklif etməsi planlaşdırılır. Onun əsas fəaliyyət istiqamətləri qiymətli kağızlar və yaxud törəmə maliyyə alətləri ilə bağlı müştəri sifarişlərinin qəbulu və icrası, fərdi investorların portfelinin idarə edilməsi, qiymətli kağızların yerləşdirilməsi, anderraytinqi və investisiya məsləhətlərinin verilməsi olacaq.
Hazırda Azərbaycanda 10 investisiya şirkəti Mərkəzi Bankın müvafiq lisenziyasına malikdir. Bunlar “ABB-İnvest”, “Azfinance”, “BTB Kapital”, “Xalq Kapital”, “İnvest-AZ”, “MFX-Trading”, “PAŞA Kapital”, “Plato Capital and Co”, “PSG Kapital” və “Unicapital” investisiya şirkətləridir.(Report)