Bu ilin birinci yarısında BP şirkəti və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları sosial investisiya layihələrinə Azərbaycanda təqribən 0,5 milyon ABŞ dollarından artıq vəsait xərcləyiblər.
FED.az xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətinin əməliyyatçılar adından ilin birinci yarısının nəticələri üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.
Bildirilir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,5 milyon ABŞ dolları və ya 2 dəfə azdır.
Bu layihələrə hazırda davam edən 16 təhsil proqramı, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 3 layihə və ətraf mühit üzrə 1 təşəbbüs daxildir.
Bundan əlavə, BP ayrıca bir şirkət kimi öz adından Azərbaycanda sponsorluq etdiyi layihələrə təxminən 0,9 milyon ABŞ dolları vəsait xərcləyib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,6 milyon ABŞ dolları və ya 3 dəfə çoxdur. Bu layihələrə hazırda davam edən 15 təhsil təşəbbüsü, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 1 layihə, ətraf mühit üzrə 4 təşəbbüs, ölkənin zəngin mədəni irsini və idmanı təbliğ edən 1 layihə və müxtəlif mövzularda 6 konfrans və seminara, yəni ümumilikdə 27 layihəyə dəstək fəaliyyəti daxildir (Report).