Bu ilin birinci yarısında Şahdəniz üzrə fəaliyyətlərə təxminən 1 mlrd. 251 mln. dollar əməliyyat xərcləri və təxminən 407 mln. dollar əsaslı xərclər çəkilib.
Bu barədə FED.az şirkətinin Azərbaycanda fəaliyyətinə dair cari ilin birinci yarısının nəticələrinə həsr olunmuş hesabata istinadən xəbər verir.
Beləliklə, bu ilin yanvar-iyun aylarında “Şahdəniz” üzrə ümumi xərclər təqribən 1 658 mln. dollar təşkil edib.
“Bu xərclərin böyük əksəriyyəti “Şahdəniz-2” layihəsinə aid olub”, - hesabatda qeyd olunur.
Hesabata əsasən, birinci yarımildə “Şahdəniz” yatağından Azərbaycan (“Azərkontrakt” ASC-yə), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC-yə və Avropadakı alıcılara qaz çatdırılması davam edib.
İlin ilk altı ayında yataqdan ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 14 mlrd. standart kubmetr qaz (illik müqayisədə 7,7% artım) və 2 mln. tondan çox kondensat (göstərici dəyişməyib) hasil edilmişdir.
Hesabatda bildirilir ki, mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 80,7 mln. (ildə təqribən 29,5 mlrd.) standart kubmetrdir (Apa).