2025-ci ilin yanvar-sentyabr aylarının yekunlarına əsasən, Azərbaycan iqtisadiyyatına yönəldilən birbaşa xarici investisiyaların həcmi üzrə lider ölkələr məlum olub.
FED.az xəbər verir ki, hesabat dövründə xarici ölkələrdən ölkəmizə yatırılan investisiyaların ümumi həcmi 4 milyard 736 milyon 63 min dollar təşkil edib.
Renkinqə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı başçılıq edir. Bu ölkədən Azərbaycana yatırılan investisiyanın həcmi 1 milyard 243 milyon 118 min dollar təşkil edib.
İkinci yerdə Türkiyə qərarlaşıb – qardaş ölkədən yatırılan sərmayə 911 milyon 956 min dollar olub.
Kipr 543 milyon 12 min dollar göstərici ilə üçüncü sırada yer alıb. İsveçrə isə 283 milyon 982 min dollar investisiya ilə dördüncü olub.
Digər ölkələr üzrə göstəricilər aşağıdakı kimidir:
İran İslam Respublikasından 271 milyon 797 min dollar, Macarıstandan isə 260 milyon 644 min dollar investisiya yatırılıb.
Birləşmiş Ərəb Əmirlikləri 257 milyon 723 min dollar göstərici ilə siyahıda yer alıb. Rusiya Federasiyasından daxil olan investisiya 181 milyon 208 min dollar olub.
Siyahının ilk onluğunu Yaponiya (172 milyon 140 min dollar) və Amerika Birləşmiş Ştatları (133 milyon 240 min dollar) tamamlayır.











