“Assist Finance İnvestisiya Şirkəti” ASC (əvvəlki BTB Kapital İ.Ş.) hər birinin nominal dəyəri 350 manat olan 143 səhm emissiya edir.
FED.az bu barədə investisiya şirkətinin emissiya prospektinə istinad edir.
Bu əməliyyat baş tutarsa, “Assist Finance İ.Ş.” səhm kapitalına əlavə 50 050 manat vəsait qoymuş olacaqdır.
Qeyd edək ki, şirkətin hazırki nizamnamə kapitalı 350 000 manat təşkil edir. Beləliklə, Bakı Fond Birjasının listinqi və hərrac uğurla tamamlanarsa onun nizamnamə kapitalının həcmi 400 050 manat olacaq.
İnvestisiya şirkətinin səhmlərinin 100%-i Ruslan Cəfərov Nazim oğlu adlı şəxsə məxsusdur.
Məlumat üçün bildirək ki, şirkətin 2021-ci ildə müştərilərə məxsus investisiya portfeli 172,774 manat, 2022-ci ildə 2,203,691 manat təşkil etmişdir ki, nəticədə 2022-ci ildə ümumilikdə Şirkətin aktivləri artaraq 3 milyon 754 min 417 manat təşkil etmişdir. 2023-cü ildə isə müştərilərə məxsus investisiya portfelinin azalması ilə Şirkətin aktivləri 2022-ci illə müqayisədə azalaraq 2 milyon 616 min 176 manat təşkil edib.
Eyni zamanda 2021-ci ildə əməliyyat gəlirləri 1 milyon 111 630 manat, 2022-ci ildə 891 586 manat, təşkil edib ki nəticədə xalis mənfəət 2022- ci ildə azalaraq 99 min 092 manat olub. 2022-ci illə müqayisədə 2023-cü ildə əməliyyat gəlirlərində baş verən artım nəticəsində Şirkətin xalis mənfəəti artaraq 644 min 448 manat təşkil edib.