Ukraynada BASA City şəhərkənarı yaşayış kompleksi (Kiyev vilayətinin Xodosovka kəndi) layihəsini həyata keçirən Azərbaycanın “Caspian Service” tikinti şirkəti 2021-2022-ci illərdə ümumi sahəsi 150 min kv.m olan yaşayış və kommersiya daşınmaz əmlakının tikintisi sahəsində üç layihə həyata keçirməyi planlaşdırır.
Eləcə də bax: Ukraynanın məhşur şirkəti Azərbaycan bazarına – DAXİL OLUB
FED.az xəbər verir ki, “Caspian Service” şirkətinin İcraçı Direktoru Çingiz Kişiyevin sözlərinə görə, “nature friendly” formatının geniş yayılması ilə əlaqədar şirkət diqqəti Kiyev yaxınlığında sözügedən formatda azmərtəbəli binaların tikintisi layihələrinə yönəltmək niyyətindədir.
"Biz şəhərkənarı yaşayış kompleksi layihələrimizi şəhər sakinlərinin şəhər komfortu və müasir kommunikasiyaların bütün zəruri elementlərinin daxil edilə biləcəyi təbii sağlam və rahat yaşayış mühitinə qayıtması imkanı kimi nəzərdən keçiririk. Biz bazarda mənzil alıcılarının məhz bu cür layihələrə tələbinin formalaşmasını müşahidə edirik", - deyə şirkətin məlumatında Kişiyevə istinadən bildirilir.
Layihələrdə, həmçinin sosial infrastruktur obyektlərinin, supermarketlərin, apteklərin və çoxsəviyyəli parkinqlərin tikintisi də nəzərdə tutulub. Layihə üzrə ərazinin 2/3-dən çox hissəsinin rekreasiya zonalarının yaradılması üçün ayrılması planlaşdırılır. Layihələrə yatırılan investisiyaların məbləği razılaşdırılma mərhələsindədir.
“Caspian Service” 2001-ci ildə təsis olunub. Şirkətin portfelinə Azərbaycanda 71, Qazaxıstanda 6, Gürcüstanda 2, Polşada 1, Ukraynada 8 layihə daxildir. Yarandığı gündən etibarən şirkət tərəfindən təxminən 1,5 milyon kv.m sahə tikilərək istismara verilib.
“Caspian Service” şirkəti 2014-cü ildə Ukrayna bazarına daxil olub və 2018-ci ildə Kiyev yaxınlığında BASA City yaşayış kompleksi layihəsinin reallaşdırılmasına başlayıb. Birinci mərhələnin 2021-ci ilin I rübündə istismara verilməsi nəzərdə tutulub.(İnterfaks-Azərbaycan)