Azərbaycanda brend adlarından qanunsuz istifadə ilə bağlı yeni məhkəmə qərarı qəbul edilib.
FED.az HÜQUQ xəbər verir ki, Rusiyanın məşhur neft şirkətinin ölkəmizdəki nümaynədəliyi olan «Lukoyl-Azərbaycan» şirkəti Gəncədə ona oxşar addan istifadə edən «Likoil» yanacaqdoldurma məntəqəsinin adını məcburi qaydada dəyişdirilməsinə nail olub.
Şirkətlər arasında məhkəmə mübahisəsi 2 il əvvəl - 2017-ci ildə başlayıb.
2017-ci ildə “Lukoil Neft Şirkəti” ASC Gəncə İnzibati-İqtisadi Məhkəməsində “Qızılca-Petrol” Şirkətinə qarşı əmtəə nişanından qanunsuz istifadəyə dair iddia qaldırıb.
İddiaçı cavabdehə məxsus “Likoil” yanacaqdoldurma məntəqəsində bu addan istifadənin dayandırılmasını və qarşı tərəfdən qanunsuz istifadədən dəyən ziyan kimi 15 min dollar tutulmasını tələb edib. Qeyd edək ki, söhbət GƏncədə kifayət qədər məşğur olan Gəncə şəhəri, Əli Məmmədov və Əhməd Cəmil küçələrinin kəsişməsndə yerləşən “Likoil” adlı yanacaqdoldurma məntəqəsindən gedir. Adından da göründüyü kimi, YDM-lərin adı bir hərf istisna olmaqla faktiki olaraq bir-birini təkrarlayır.
Üstəlik Gəncədəki ÜDM-in dizaynı da demək olar ki, tamamilə «Lukoyl» YDM-lərinin dizaynını təkrarlayır. Rusiya şirkətinin məhkəməyə müraciətinin səbəbi də bu olub.
Məhkəmə iddianın birinci hissəsini tam təmin edib. Belə ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 27 dekabr 2017-ci il tarixli qətnaməsi ilə cavabdeh tərəfə qadağan edilib ki, həmin və başqa YDM-larda,ö eləcə də başqa sahələrdə «LİKOİL» ifadəsindən istifadə edilsin. Bundan başqa, ümumiyyətlə qarşı tərəfə qadağan edilib ki, ona məxsus və yaxud onun tərəfindən idarə edilən hər hansı digər yanacaqdoldurma məntəqəsinin dizaynında, quruluşunda və ya görünüşündə “Lukoil” əmtəə nişanlarından və onlara qarışdırılacaq qədər oxşar digər nişanlardan hər hansı digər formada istifadə edilsin.
Amma iddianın ikincisi hissəsi təmin edilməyib, daha dəqiqi qarşı tərəfdən «Lukoil»un xeyrinə 15 min dollar deyil 1 min dollar tutulması qərara alınıb.
Birinci məhkəməni uduzan «Qızılca-Petrol» Şirkəti qərarın ləğv edilməsi üçün Gəncə Apellyasiya Məhkəməsinə müraciət edir. Cavabdehin öz iddiasını necə əsaslandırdığı məlum deyil, amma Gəncə Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. Sonradan şirkətin Ali Məhkəməyə müraciəti də eyni nəticələnir - Ali Məhkəmə 25 iyun 2019-cu il tarixli qərarı ilə cavabdehin kassasiya şikayətini qəbul etməyib.
Ali Məhkəmə təsdiq edib ki, cavabdehin nəinki YDM-də istifadə etdiyi «Likoil» adı iddiaçıya məxsus «Lukoil» əmtəə nişnanına oxşardır, YDM-nin «dizaynı, quruluşu və görünüşü «LUKOİL» şirkətinə məxsus əmtəə nişanı və yanacaqdoldurma məntəqələrinin dizayn, quruluşu və görünüşü ilə qarışdırılacaq qədər oxşardır».
Qeyd edək ki, «Lukoil» adı Azərbaycanda müxtəlif YDM-lər tərəfindən pirat şəkildə ən çox istifadə olunan adlardan sayılır.