Xəbər verdiyimiz kimi, ötən gün Ermənistanda etiraz aksiyası keçirən itkin düşən əsgərlərin ailə üzvləri hərbçilərin cəsədlərinin uzun müddət soyuducuda gizlədildiyini iddia etmişdilər. Bu gün isə sosial şəbəkələrdə erməni hərbçilərin cəsədlərinin soyuducularda acınacaqlı şəkildə saxlanıldığını göstərən fotoşəkillər yayılıb. Polietilen torbalarda saxlanılan cəsədlərin zirzəmidə pərakəndə şəkildə səpələndiyi görünür.
Eləcə də bax: Bu gecə yaxalanan erməni hərbçilərin - FOTOLARI
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəkillər Ermənistan ictimaiyyətində ciddi rezonansa səbəb olub. Buna paralel olaraq, ölən hərbçilərin yaxınları, səlahiyyətliləri 200-ə yaxın hərbçinin cəsədinin və bundan başqa ölənlərin həqiqi sayını da gizlətməkdə ittiham edirlər.
Ermənistan Səhiyyə Nazirliyi ölən hərbçilərin sayını gizlətdikləri barədə məlumatları və cəsədlərin təhqiramiz saxlanması ilə bağlı iddiaları təkzib etsə də etirazlardan sonra cəsədləri başqa yerə aparmalı olub.
Nazirlik, həmçinin internetdə yayılan fotoşəkillərlə bağlı araşdırma başladıldığını açıqlayıb.
Xatırladaq ki, bazar ertəsi günü Ermənistanda itkin düşən hərbçilərin yaxınları İrəvanın Heratsi küçəsini bağlayaraq etiraz aksiyası keçiriblər. Onlara görə, səlahiyyətlilər lazımsız səs-küydən qaçmaq üçün qurbanların cəsədlərini soyuducuda uzun müddət gizlədiblər. Etirazçılardan biri Arsen Qukasyan, meyvə soyuducuları da daxil olmaqla müxtəlif yerlərdə 200-dən çox cəsədin gizli saxlanıldığını iddia etmişdi.