Rusiyanın Ukraynaya hücumunda bütün diqqətlər ölkənin paytaxtı Kiyevə yönəlib.
Eləcə də bax: Putinin Kiyevi ələ keçirmək planı məlum olub - YENİ HÖKUMƏT QURA BİLƏR
FED.az xəbər verir ki, Bloomberg-ə danışan Qərb kəşfiyyat rəsmisinin sözlərinə görə, Rusiya qüvvələri Kiyevə doğru irəliləyir. Rusiya ordusu Ukraynanın hava hücumundan müdafiə sistemini sıradan çıxarıb və ölkə daxilində sürətlə irəliləyir.
Rəsmi bildirib ki, bu şərtlər daxilində Kiyev qısa müddətdə ələ keçirilə bilər. İrəliləyişlərini davam etdirən rus qoşunları paytaxtdan 130 kilometr aralıda, hələ də yüksək səviyyədə radioaktivliyi olan Çernobıl Atom Elektrik Stansiyasını ələ keçiriblər. CNN-in görüntülərinə görə, Kiyevdən kənarda yerləşən Hostomel hava limanına nəzarətin Rusiya qüvvələrinə keçdiyi görünür.
Ukraynanın müdafiə naziri Oleksii Reznikovun sözlərinə görə, Moskva hava-desant qoşunları ilə yeni hücum dalğası hazırlayır. Səhər saatlarında paytaxt Kiyevdə partlayışlar baş verib. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiya qüvvələrinin paytaxt Kiyevə raket hücumu təşkil etdiyini bildirib.
Zelenski: Mən Kiyevdəyəm
Ukrayna prezidenti Vladimir Zelenski Kiyevdə qalmağa davam edəcəyini, Ukrayna əsgərlərinin isə paytaxt Kiyevə yaxınlaşan rus əsgərləri ilə döyüşdüyünü deyib.
Zelenski videoda "Düşmən məni bir nömrəli hədəf kimi müəyyən edib. Mənim ailəm ikinci hədəfdir. Onlar prezidenti devirməklə Ukraynanı siyasi yolla məhv etmək istəyirlər. Paytaxtda qalacağam. Ailəm də Ukraynadadır" deyib.
Zelenski bu gün verdiyi açıqlamada münaqişədə 137 hərbçi və mülki şəxsin həlak olduğunu, yüzlərlə insanın yaralandığını açıqlayıb. (Marja)