Rusiya və Ukrayna nümayəndə heyətləri rəsmi Kiyevin neytrallığı və Ukrayna silahlı qüvvələrinin azaldılması şərti ilə atəşkəs və rus qoşunlarının çıxarılması da daxil olmaqla 15 bənddən ibarət münaqişəyə son qoymaq üçün plan hazırlayıblar.
Eləcə də bax: Ukrayna Rusiya ilə sülh sazişinin bağlanma vaxtını - AÇIQLAYIB
FED.az xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti məlumat yayıb. Məlumata görə, plana əsasən Ukrayna NATO-ya üzv olmaqdan imtina edəcək.
Eyni zamanda qeyd olunur ki, Ukrayna digər dövlətlərin hərbi bazalarını ölkəsinə buraxmayacaq. Amma Ukraynanın ərazi bütövlüyünə təhdid olsa, onu ABŞ, Böyük Britaniya və Türkiyə kimi müttəfiqlər müdafiə etməlidir.
Moskva ilə Kiyev arasında gözlənilən razılaşmanın detallarını prezident Putinin köməkçisi, danışıqlarda Rusiyanı təmsil edən Vladimir Medinski açıqlayıb. Onun sözlərinə görə, danışıqlar zamanı rəsmi Kiyev Ukraynada Avstriya və ya İsveçrə variantına uyğun silahsız ölkə yaradılmasını təklif edib. Medinski bildirib ki, hazırda Ukraynanın neytral statusu, silahsızlaşdırılması, eləcə də Ukrayna ordusunun azaldılması kimi məsələlər müzakirə edilir.
Amma danışıqlarda Ukrayna öz ordusu və hərbi-dəniz donanmasının olmasını qeyd edir. Bütün bu məsələlər Rusiya və Ukrayna müdafiə nazirlərinin səviyyəsində müzakirə edilir.