"Ukrayna və onun himayədarları "Crocus City Hall" terror aktında əsas maraqlı tərəflərdir".
FED.az xəbər verir ki, bunu Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov bildirib .
“Bu təəccüblü deyil, çünki təbii ki, əsas maraqlı tərəf Ukrayna və onun himayədarları ola bilər. Faşist rejimi, faşist üsulları, hər şeyə nifrət. Bunu istisna etmək olmaz. Əgər son nəticədə belədirsə, o zaman mən heç də təəccüblənməyəcəyəm”, - deyə deputat bildirib.
O vurğulayıb ki, terror aktında Ukraynanın izi ilə bağlı məlumat təsdiqlənərsə, o zaman döyüş meydanında dəqiq cavab verilməlidir.
"Crocus City Hall"da terror aktı martın 22-də axşam baş verib. Kamuflyaj geyimli naməlum şəxslər “Picnic” qrupunun konsertinə gələn qonaqları avtomatdan atəşə tutmağa başlayıblar. Daha sonra binada bir neçə partlayış baş verib və yanğın başlayıb.
Qeyd edək ki, Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov Rusiya prezidenti Vladimir Putinə Krasnoqorskdakı Crocus City Hall konsert zalında törədilən terror aktı ilə bağlı 11 nəfərin saxlanılması barədə məlumat verib . Onun sözlərinə görə, saxlanılanlar arasında atışmada birbaşa iştirak edən dörd terrorçu da var.