Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada “2023 Xarici Ticarət Rəqəmləri” proqramında çıxış edib.
FED.az Türkiyə mediasına istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan 2023-cü ildə ixracatın əvvəlki ilə nisbətən yüzdə 0,6% artaraq 255 milyard 809 milyon dollara çatmaqla cümhuriyyət tarixində rekord qırdığını açıqlayıb.
Onun sözlərinə görə Türkiyə höküməti bu rəqəmlə orta müddətli proqramda 255 milyard dollarlıq ixrac hədəfini aşıb: "2023-cü ilin dekabr ayında ixracımız 0,44 faiz artaraq 23 milyard dollara çatıb. 2023-cü ildə ixrac-idxalın əhatə dairəsi 0,8 bənd artaraq 70,7 faiz təşkil edib. 2023-cü ilin oktyabr ayı etibarilə illik xidmət ixracı 99 milyard 254 milyon dollara çataraq tarixi rekord səviyyəyə çatıb. İlin ikinci yarısında xarici ticarət kəsirinin azalması və xidmətlər ticarətində profisitlə əlaqədar cari əməliyyatlar hesabında azalma müşahidə olunub. Cari hesabda sentyabr və oktyabr aylarında 2 milyard dollardan çox müsbət saldo yaranıb. Noyabr və dekabr aylarında xarici ticarət kəsirinin azalması səbəbindən cari əməliyyatlar kəsirinin azalmağa davam edəcəyini gözləyirik. Son 5 ayda xarici ticarət kəsiri və cari əməliyyatlar kəsirinin daimi olaraq azalmağa başladığını gördük. İnanırıq ki, irəliləyiş gələcək dövrdə də davam edəcək".