Moldova hökuməti ölkənin Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasından (MDB PA) çıxmasını təsdiqləyib.
Moldova MDB-ni tərk edir: «Aqressor ölkə ilə bir qurumda qala bilmərik» – PROSES BAŞLADI
FED.az xəbər verir ki, bu barədə Moldova hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, Nazirlər Kabinetinin iyunun 28-də keçirilən iclasında MDB Parlament Assambleyası haqqında Konvensiyanın denonsasiyasını nəzərdə tutan qanun layihəsini təsdiq edən qətnamə qəbul edib.
Bu qərarın qəbulundan sonra ölkənin MDB PA-dan çıxmasına dair sazişin qanun layihəsinə parlamentdə baxılacaq. Konvensiyanın denonsasiyası haqqında qanuna parlamentdə baxılmalı və qəbul edilməlidir.
Xatırladaq ki, Konvensiya Minskdə 26 may 1995-ci ildə bağlanıb, Moldova onu 23 oktyabr 1997-ci ildə imzalayıb.
Moldova parlamentinin spikeri İqor Qrosu ötən ayın ortalarında ölkəsinin MDB PA-dan çıxması prosesinin başlandığını elan edib, o bildirib ki, «Moldova Aqressor ölkə ilə bir qurumda qala bilməz». Aqressor ölkə dedikdə ötən ildən Ukraynaya hücum edən Rusiya nəzərdə tutulur.
Parlamentin rəhbəri elan edib ki, 30 ildən sonra tam aydın oldu ki, Moldova Respublikasının MDB strukturlarında iştirakı:
• Dnestryanı münaqişənin həllinə kömək etmədi;
• rus ordusunun Moldova Respublikası ərazisindən çıxarılmasına kömək etmədi;
• ən çətin dövrlərdə bizi ağrılı iqtisadi embarqolardan - şərab, kənd-ərzaq məhsullarına embarqodan qorumadı;
• MDB-də iştirak bizi qışın ortasında enerji şantajından qorumadı;
• MDB-də iştirak iştirakçı ölkələri hərbi hücumlardan, müharibədən və suveren ərazilərin qanunsuz işğalından qoruya bilmədi.
İqor Qrosu bildirib ki, «MDB-nin qurucu ölkəsi olan Rusiya Federasiyası başqa bir qurucu ölkə olan Ukraynaya vəhşicəsinə hücum edib, onun ərazilərini işğal edib vətəndaşlarını qətlə yetirdikdən sonra bu təşkilatı artıq birlik adlandırmaq olmaz, biz aqressor ölkə ilə bir təşkilatda qala bilməmik».
Qeyd edək ki, Moldova son dövrlər Avropaya inteqrasiya yolunu tutub. Bu məsələdə, o cümlədən MDB-dən çıxmaq prosesində ölkənin Avropa İttifaqı da dəstəkləyir.
Belə ki, Avropa Komissiyası (AK) və Avropa Xarici Fəaliyyət Xidməti "ölkəni Avropa İttifaqına yaxınlaşdırmaq" məqsədilə Moldovaya dəstək olmaq üçün hazırladıqları tədbirlər paketini dərc ediblər.
Avropa Komissiyasının kommünikesində Moldovaya dəstək paketi də daxil olmaqla beş prioritet açıqlanır.
Söhbət iqtisadi inkişafdan, islahatların dəstəklənməsindən, enerji təhlükəsizliyinin təmin edilməsindən, təhlükəsizliyin gücləndirilməsindən, informasiyanın manipulyasiyasına və xaricdən müdaxiləyə, o cümlədən dezinformasiyaya qarşı mübarizədən gedir.
"Aİ-nin bugünkü paketi göstərir ki, biz Moldovanı dəstəkləyirik və sizin avrointeqrasiyanızı və islahatlarınızı sürətləndirmək üçün çalışacağıq. Moldovanın gələcəyi Aİ-dədir", - AK-ın rəhbəri Ursula fon der Lyayen bildirib.
Hesabatda qeyd olunur ki, Moldova "çoxlu sayda qaçqınlar, inflyasiya, enerji təchizatı ilə bağlı təhdidlər, hava məkanının pozulması, həmçinin dezinformasiya və kiberhücumlar kimi bir çox hibrid fəaliyyətlər də daxil olmaqla əhəmiyyətli problemlərlə üzləşib".
Elan olunmuş tədbirlər Avropa İttifaqının büdcəsi hesabına maliyyələşdiriləcək.
Brüssel xatırladıb ki, Aİ "2021-ci ilin payızından Moldovaya çoxsaylı böhranların öhdəsindən gəlməyə kömək etmək" üçün artıq 1,2 milyard avro səfərbər edib.